Müharibələr neft daşıma xərclərini rekord həddə qaldırıb
İran və Ukrayna ətrafındakı münaqişələr fonunda əsas dəniz marşrutlarına hücum təhlükəsi tanker operatorlarının xərclərinin rekord həddə yüksəlməsinə səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Lloyd’s List Intelligence” analitik qrupunun təhlilinə istinadən ˝CBS News˝ məlumat yayıb.
Xüsusilə Qara dənizdən neft daşımalarının tarifləri kəskin artıb. Burada Ukraynanın Rusiya ilə əlaqəli gəmilərə hücumları davam edir. Eyni zamanda Səudiyyə Ərəbistanının qərb sahilindəki Yanbu limanından Qırmızı dəniz vasitəsilə daşımaların qiyməti də yüksəlib.
Ekspertlər vəziyyəti enerji daşıyıcılarının dəniz yolu ilə daşınması bazarı üçün mükəmməl fırtına adlandırırlar. ˝Lloyd’s List˝ analitiki Qreq Miller bildirib ki, bazarın müxtəlif seqmentləri bir-birinə təsir göstərir və dəniz ticarətində hər şey bir-biri ilə əlaqəlidir.
Qırmızı dəniz, Hörmüz boğazı və Qara dənizdən daşımaların həcmi müxtəlif tərəflərin hücum təhlükələri səbəbindən azalıb. Gəmi sahibləri alternativ marşrutlar axtarmağa məcbur qalırlar ki, bu da bəzi istiqamətlərdə yüklənmənin artmasına, gecikmələrə və daşınma xərclərinin daha da yüksəlməsinə səbəb ola bilər.
23:33 28.07.2026
Oxunuş sayı: 41