Sərhəddə dəhşətli aşkarlama: tonlarla partlayıcı maddə üzə çıxıb
BMT sülhməramlıları İsrailin nəzarətində olan Livanın cənubundakı Hula kəndində, əsasən ammonium nitrat əsaslı təxminən 4 ton partlayıcı maddə aşkarlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Livandakı BMT Müvəqqəti Missiyası (UNIFIL) məlumat yayıb.
Məlumata görə, sülhməramlılar iyulun 2-də Hula ərazisində marşrutun planlı yoxlanışı zamanı binalardan birində təxminən 4 min kiloqram partlayıcı maddənin olduğu 385 konteyner aşkar ediblər.
UNIFIL mütəxəssisləri daha sonra maddəni zərərsizləşdirərək təhlükəni aradan qaldırıblar. AFP-yə danışan anonim mənbənin sözlərinə görə, konteynerlərin üzərində ivrit dilində yazılar olub və onların partlayış işlərində istifadə edildiyi ehtimal edilir.
Hula İsrail sərhədi boyunca Livanın cənubunda yerləşən sərhədyanı ərazidədir. İsrail hərbçiləri “Hizbullah”la son qarşıdurma zamanı bölgəyə daxil olub və hazırda da orada əməliyyatlarını davam etdirirlər.
Ammonium nitratın aşkarlanması Livanda xüsusi narahatlıq yaradıb. Buna səbəb 2020-ci il avqustun 4-də Beyrut limanında böyük miqdarda ammonium nitratın partlamasıdır. Hadisə nəticəsində 220-dən çox insan ölüb, 6 500-dən çox insan yaralanıb və Beyrutun böyük hissəsi dağılıb.
23:23 28.07.2026
Oxunuş sayı: 48