SEPAH İranı böhrana sürükləyir - Ekspert
Tehran növbəti dəfə sərt mövqe ortaya qoyub. Belə ki, İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə ABŞ və İsraillə qarşıdurmanın bitmədiyini bildirib. O qeyd edib ki, bütün cəbhələrdə atəş tam dayandırılmadan sülhdən danışmaq mümkün deyil. Rəsmi Tehran bu səbəbdən yüksək döyüş hazırlığını qoruyacağını və müdafiə siyasətindən geri çəkilməyəcəyini vurğulayır. Xətibzadə əlavə edib ki, əsas məqsəd həm müharibəni dayandırmaq, həm də onun yaranma səbəblərini aradan qaldırmaqdır.

Siyasi şərhçi Pərviz Mirizadə mövzu ilə əlaqədar Crossmedia.az açıqlama verib.
O, söyləyib ki, Birləşmiş Ştatlar və İran arasında davam edən hərbi gərginlik hazırda passiv müstəvidə seyr etsə də, eskalasiyanın alovlanması riski yüksək olaraq qalmaqdadır: " Tərəflərin Pakistanın vasitəçiliyi ilə danışıqlar masasına əyləşməsinə baxmayaraq, göründüyü kimi proseslə bağlı hər hansı bir müsbət irəliləyiş əldə olunmur. Əksinə, hər iki tərəf öz qüvvələrini yenidən komplekləşdirməyə davam edir. ABŞ dəniz münaqişə fonunda bölgəyə yerləşdirdiyi qüvvələrin sayını artırır, paralel olaraq İran ballistik və hipersəs raketlərinin ehtiyatlarını artırmaqla rəqiblərinə ultimatum verir. Bununla yanaşı, hər iki qütbdə səslənən fikirlər yumşalma meyllərinin əksini göstərir. Bütün bunlar isə gərginliyin hələ də pik həddə olmasının göstəricisidir. Təbii ki, mövcud situasiya təkcə ABŞ-İsrail - İran vektorunda cərəyan etmir. Proses daha geniş müstəvidə- qlobal güc uğrunda gedir. Prosesin uzanmasından ən çox zərər görən tərəf İrandır. Düzdür, İran zahirən güclü görünsə də, reallıq tamamilə fərqlidir. Zərbələr fonunda ölkənin aparıcı siyasi simalarının həyatlarını itirməsi idarəetmədə faktiki olaraq İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) dominantlığını formalaşdırıb. SEPAH-ın yüksək rütbəli zabitləri elə bir situasiya yaradıb ki, qarşı tərəflə danışıqlar etməyi bildirən istənilən siyasi sima güclü təzyiqə məruz qalır. Aydındır ki, bu ritorika İranı daha böyük böhrana sürükləyir".
P.Mirizadə hesab edir ki, irəli sürülən şərtlər fonunda Tehran və yaxud Vaşinqton radikal dəyişikliklərə getmədiyi müddətcə hərbi əməliyyatların davam etməsi qaçınılmazdır.
Fatimə
18:20 30.04.2026
Oxunuş sayı: 51