Neft ixracı dayanarsa, İranı nə gözləyir?
Ağ Ev rəhbəri Donald Tramp administrasiyasının İrana qarşı yeni strategiyası ilə bağlı yayılan məlumatlar Vaşinqtonun region siyasətində daha sərt mərhələyə keçid etdiyini göstərir.
ABŞ rəhbərliyinin uzunmüddətli iqtisadi və dəniz təzyiqlərini əhatə edən plan üzərində işlədiyi bildirilir ki, bu da İranın iqtisadi imkanlarını sistemli şəkildə məhdudlaşdırmağa yönəlib.
“The Wall Street Journal”nəşrinin məlumatına görə, sözügedən strategiya çərçivəsində, xüsusilə neft ixracı və dəniz ticarəti üzərində nəzarətin gücləndirilməsi əsas prioritet kimi nəzərdən keçirilir.
Bu yanaşma, ABŞ-ın İranla münasibətlərdə riskləri minimuma endirməklə yanaşı, uzunmüddətli təzyiq vasitəsilə nəticə əldə etməyə çalışdığını göstərir.
Məsələ ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Mənzərə göstərir ki, hazırda iqtisadi boğma siyasətinə üstünlük verilir və bunun üçün kifayət qədər ciddi zəmin mövcuddur. Bu baxımdan, iqtisadi blokadanın daha da gücləndirilməsi və davamlı xarakter alması tərəfdarları daha çox üstünlük təşkil edir. Çünki İran büdcəsinin əsas hissəsi neft satışından əldə olunan gəlirlər hesabına formalaşır və hazırkı şəraitdə də neft hasilatı davam edir.
Lakin neft hasilatının davam etməsi onun ixracı məsələsini də gündəmə gətirir. Hazırda dənizlərdə 155 milyon bareldən artıq neft tankerinin İran neftini satmaq üçün gözlədiyi bildirilir.
Paralel olaraq, ABŞ İran neftini alan ölkələri ikinci dərəcəli sanksiyalarla hədələyir. Bu isə həmin dövlətlər və şirkətlər üçün ciddi çəkindirici amil yaradır.

Digər tərəfdən, blokada siyasəti də mövcuddur və onun perspektivdə daha da gücləndirilməsi nəzərdə tutulur. Məqsəd İran limanlarından neft tankerlərinin çıxışının tam məhdudlaşdırılmasıdır. Bu halda, neft hasilatı davam etsə belə, ixracın dayanması qaçılmaz olacaq.
Belə vəziyyət isə uzunmüddətli olaraq davam edə bilməz, çünki neft anbarlarının tutumu məhduddur və artıq dolmaq üzrədir.
Nəticədə ya hasilatın dayandırılması gündəmə gələcək, ya da bu, İran üçün ciddi iqtisadi böhran yaradacaq. Hasilatın dayandırılması isə onu yenidən bərpa etmək üçün həm vaxt, həm də böyük maliyyə tələb edir. Bu isə hazırkı maliyyə çətinlikləri fonunda İran üçün olduqca ağır yükdür.
Digər tərəfdən, neft satışının dayanması dövlət gəlirlərinin kəskin azalması deməkdir. Artıq mövcud məlumatlara görə, İran hökuməti sosial ödənişləri və dövlət qurumlarında çalışan əməkdaşların maaşlarını belə çətinliklə ödəyir. Bu isə yaxın dövrdə ciddi sosial-iqtisadi problemlərin yaranmasına gətirib çıxara bilər.
Eyni zamanda, sosial vəziyyətin ağırlaşması və aşağı gəlirli ailələrin daha da çətin vəziyyətə düşməsi gözlənilir. Bu şəraitdə ixracın tam dayanması mövcud rejim üzərində ən güclü təzyiq vasitələrindən biri kimi qiymətləndirilir.
Bununla yanaşı, proses yalnız iqtisadi müstəvi ilə məhdudlaşmır. Hərbi və siyasi təzyiqlər də davam edir. Əvvəllər bölgəyə təyyarədaşıyan gəmilər və desant qüvvələri cəlb olunmuşdursa, hazırda əlavə hərbi qüvvələrin də regiona göndərilməsi barədə məlumatlar mövcuddur. Bu isə həm iqtisadi, həm də hərbi təzyiqin paralel şəkildə həyata keçirildiyini göstərir.
Mesaj ondan ibarətdir ki, blokada siyasəti davam edəcək və İranın müttəfiq kimi göstərdiyi Rusiya və Çin kimi ölkələrin belə bu prosesə ciddi iqtisadi dəstək verəcəyi gözlənilmir. Nəticədə ölkə daxilində sosial-iqtisadi vəziyyətin daha da ağırlaşacağı proqnozlaşdırılır.
Eyni zamanda, əgər İran blokadanı yarmaq və ya münaqişəni genişləndirmək istiqamətində addımlar atarsa, daha sərt hərbi cavab tədbirlərinin görüləcəyi ehtimal olunur. Bu isə regionda ciddi eskalasiya riskini artırır.
Hazırkı mərhələdə strategiya birbaşa hərbi qarşıdurmaya keçid olmadan, güclü iqtisadi və siyasi təzyiqin davam etdirilməsinə əsaslanır. ABŞ-ın daha ehtiyatlı və hesablanmış addımlar ataraq minimal itki ilə məqsədlərinə çatmağa çalışdığı görünür.
Bununla belə, proses yüksək dərəcədə qeyri-müəyyəndir və yaxın dövr hadisələrin gedişatından asılı olaraq dəyişə bilər".
Elmir Heydərli
15:00 30.04.2026
Oxunuş sayı: 57