Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib
Azərbaycan və Misir arasında qarşılıqlı biznes missiyalarının təşkili və investisiyaların təşviqi üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Crossmedia.az bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.
Bildirilib ki, bununla bağlı müzakirələr Agentliyin icraçı direktoru Yusif Abdullayev ilə Misirin Azərbaycandakı səfiri Houssam-Eldine Reda arasında görüşdə aparəlıb.
Y.Abdullayev AZPROMO-nun fəaliyyət istiqamətləri, Misirlə iqtisadi və ticarət əlaqələri barədə məlumat verib.
Houssam-Eldine Reda isə iki ölkə arasında iqtisadi tərəfdaşlığın dərinləşməsi, yeni biznes təşəbbüslərinin yaranması üçün əlverişli şəraitin olduğunu qeyd edib.
Görüşdə Azərbaycan ilə Misir arasında potensial əməkdaşlıq istiqamətləri, həmçinin qarşılıqlı işgüzar səfərlərin təşkili ətrafında fikir mübadiləsi aparılıb. Bundan başqa, əczaçılıq, turizm, nəqliyyat, rabitə, tikinti və infrastruktur sahələrində tərəfdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər özəl sektor nümayəndələri arasında əlaqələrin genişləndirilməsi, biznes missiyalarının təşkili və qarşılıqlı investisiyaların təşviqi istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
13:23 23.04.2026
Oxunuş sayı: 46