Sosial çürümə sosial şəbəkələrdən başlayır
Hesab edirəm ki, müasir dövrdə müasir insan sosial şəbəkələrdən mütləq şəkildə istifadə edir. Təbii olaraq, bütün bu platformaları nə tam şəkildə müsbət nə də tam şəkildə mənfi kimi dəyərlindirmək doğru olmaz. Əlbəttə, sosial şəbəkələr həm də maariflənmək, informasiya əldə etmək üçün kifayət qədər əlverişli vasitədir, necə ki, mən məhz bu məqsədlər üçün istifadə edirəm. Paralel olaraq oradakı etibarı mənbələrdən, öz maraq dairəmə uyğun olan yutub kanallarından kifayət qədər müsbət yöndə dəyərləndirmələr edirəm. Məsələ burasındadır ki, əlindəki məşəllə meşəni də yandıra bilərsən, qaranlıqda yolunu aydınlada da bilərsən. Hərçənd ki, günümüzdə sosial şəbəkələr vasitəsilə informasiyadan daha çox, dezinformasiya və ya daha dəqiq desək misinformasiya yayılır-meşəni yandırmağa gücü çatmaz, amma qığılcımı da olmasa daha yaxşı olar.
Bu dəfə məsəslə informasiya paylaşımı deyil, “reels” paylaşımı və ürəkbulandırıcı kontentlərdir.
Ümumi şəkildə baxdıqda isə vəziyyət heç də ürəkaçan deyil. İlkin olaraq sosial platformalarda 15-20 saniyəlik qısa videolalrın insan beynində təsiri olduqca acınacaqlıdır. Beyin informasiyanı yalnız bu müddət ərzində qəbul etməyə öyrəşir və insanlarda məlumat əldə etməyə qarşı süni səbrsizlik yaranır. Beləcə insanlar, xüsusilə gənc nəsil kitab, qəzet kimi əsas və sarılmaz bilik və maarifləndirmə vasitələrinə laqeyd yanaşır. Bu da təbii haldır deyəcəm, insan özünü nəyə öyrəşdirirsə, beyin də onu tələb edir. Görünür belə getsə, beyin artıq tələb etmə instiktini də itirəcək...
İlkin məqamda yalan və süni kontentlət insanları yaşadıqları və ya yaşaya biləcəyi həyatdan uzaqlaşdırır.İnsanlar elə zənn edir ki, sosial şəbəkələrdə öz xoşbəxtliyini paylaşan hər kəs həqiqətən bütün mənfi hadisələrdən uzaqdır və bəzi blogerlər sayəsində belə bir şüur da formalaşıb ki, hər instaqram səhifəsi olan reklam qarşılığında müftə yemək yeyə bilər ya da ki, hər həftə onların “fanatları” hədiyyələr göndərə bilər. Belə olan halda kim çalışmaq istəyər ki, çörəyi telefondan çıxandan sonra?!
Üstəlik sosial şəbəkələr sayəsində artıq “peşəkar” jurnalistlərin o sahə üzrə ixtisaslaşmasına da ehtiyac qalmır, bir dənə tik-tok və ya instaqram səhifəsi, bir neçə dənə də atmacalı və ya yalan xəbər kifayətdir. Bu da oldu vətəndaş jurnalistikası...
Tik-tokda isə vəziyyət ümumiyyətlə “rusca”dır. Hər “rəqs” etməyi bacaran canlı yayımlarda pul qazanır. Bu platformanın istifadəçisi olmadığım üçün ətraflı şəkildə danışmayacağam, digər şəbəkələrdə də qarşıma maraq dairəmə uyğun olaraq – tarix, ədəbiyyat, fəlsəfə kontentləri çıxdığına görə mənim üçün “hava günəşlidir”.
Hər şey bir kənara qalsın, əfsuslar olsun ki, öz tarixini bilməyən bir kütlə var və onlar yetişməkdədir. Başdan sona əzəmətlə bəzənmiş Odlar Yurdunun tarixi, ədəbiyyatı, poeziyası dillər əzbəri olmalıdır, lazımsız adamların trendə saldığı lazımsız vulqar ifadələr yox!
Əks halda bu gedişlə cəmiyyətimizdə zehni deqredasiya kütləvi hal alacaq, bir sözlə bu virus yayılacaq. Ümid edirəm ki, bu epidemiyanın da vaksini tapılar və həmin KÜTLƏ vaksinasiya prosesinə cəlb olunar. Belə bir yumor da olsun, COVİD-19-dan qorunmaq üçün maskanın ağıza taxılması lazım idisə, indi maska gözlərə taxılsa məsləhətdir.
Turqut Ansari
21:32 21.09.2026
Oxunuş sayı: 64