Mikro iynələr və sensor bir cihazda: Tibbdə yeni texnologiya
Cənubi Koreyada tər vasitəsilə sidik turşusunun səviyyəsini ölçə və mikroiynələr vasitəsilə dərman çatdıra bilən nəfəsalan plastırın prototipi hazırlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Chemical Engineering Journal” jurnalında dərc olunan araşdırmada bildirilib.
Çonbuk Milli Universitetinin alimləri tərəfindən hazırlanan cihazın əsasını ənənəvi Koreya kağızı olan hanji təşkil edir. Bu kağız tut ağacının liflərindən hazırlanır və bitki liflərinin xüsusi quruluşu sayəsində nəmin keçməsinə imkan verir.
Tədqiqatçılar bildirirlər ki, geyilə bilən cihazlarda istifadə olunan adi materiallar bəzən nəmi saxlayır və tərin xaric olmasını çətinləşdirir. Hanji kağızının nəfəsalan xüsusiyyəti isə onu belə texnologiyalar üçün əlverişli materiala çevirir.
Alimlər kağız əsaslı səth üzərində işıqla 3D çap üsulundan istifadə edərək əlavə yapışdırıcı qat olmadan mikroiynələr hazırlayıblar. Mikro iynələrin formasının dəyişdirilməsi onların daha çox miqdarda model maddə daşımasına imkan verib.
Sınaqlar zamanı 80 saat ərzində yüklənmiş model boyanın təxminən 56 faizi xaric olub. Təcrid edilmiş siçovul dərisi üzərində aparılan təcrübədə isə mikroiynələr quruluşunu qoruyaraq təxminən 954 mikrometr dərinliyə nüfuz edib.
Hazırlanan prototip gələcəkdə dərmanların dəri vasitəsilə çatdırılması və tərdən biomarkerlərin izlənməsi üçün istifadə oluna bilər. Lakin texnologiyanın tibbi praktikada tətbiqi üçün əlavə araşdırmalara ehtiyac var.
03:42 06.11.2026
Oxunuş sayı: 87