Kosmosa raketsiz getmək mümkün olacaq? – Yeni ideya
Alimlər kosmosa səyahət xərclərini əhəmiyyətli dərəcədə azalda biləcək kosmik lift konsepsiyasını araşdırırlar.
Crossmedia.az xəbər verir ki, kosmik lift ideyası hələ XIX əsrdə irəli sürülsə də, onun həyata keçirilməsi üçün zəruri texnologiyalar indiyədək tam inkişaf etdirilməyib.
Hazırda kosmosa uçuşlar əsasən raketlər vasitəsilə həyata keçirilir. Raketlər Yer kürəsinin cazibə qüvvəsini dəf etmək üçün böyük miqdarda yanacaq sərf edir. Üstəlik, yanacağın özünün daşınması əlavə enerji tələb edir. Bu isə Aya və Marsa səfərlərin xərclərini milyonlarla dollara çatdırır.
Kosmik lift konsepsiyasının reallaşacağı təqdirdə yüklərin orbitə daşınması xərclərinin hər kiloqram üçün bir neçə dollara qədər azalacağı ehtimal edilir.
Layihənin əsas ideyası Yer səthindən kosmosa qədər uzanan xüsusi kabelin yaradılmasıdır. Kabelin bir ucu Yerə bərkidilir, digər ucu isə əks çəki vasitəsilə gərgin vəziyyətdə saxlanılır. Yerin fırlanması nəticəsində yaranan qüvvə kabelin şaquli vəziyyətini qorumağa kömək edir.
Lakin layihənin qarşısında ciddi texnoloji maneələr mövcuddur. Belə nəhəng konstruksiyanın ağırlığına və gərginliyinə davam gətirə biləcək materialların hazırlanması əsas problemlərdən biridir.
Alimlər mümkün həll yollarından biri kimi yüksək möhkəmliyə malik karbon nanoborularını nəzərdən keçirirlər. Bununla belə, hazırda tələb olunan uzunluqda və dayanıqlılıqda kabelin hazırlanması mümkün olmayıb.
Digər ciddi problem Yer ətrafında hərəkət edən kosmik tullantılardır. Orbitdəki milyonlarla obyektin belə bir konstruksiyaya çırpılması onun təhlükəsizliyinə ciddi təhdid yarada bilər.
Bütün bu çətinliklərə baxmayaraq, kosmik lift ideyası gələcəkdə kosmosa daha ucuz və səmərəli daşımaların həyata keçirilməsi baxımından perspektivli konsepsiyalardan biri hesab olunur.
05:00 06.11.2026
Oxunuş sayı: 57