Keniyada plastik tullantılara qarşı sərt mübarizə aparılır
Keniyada plastik tullantıların ətraf mühitə mənfi təsirini azaltmaq məqsədilə qanunvericilik sərtləşdirilib və istehsalçıların məsuliyyəti artırılıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Ölkənin paytaxtı Nayrobidə yerləşən Dandora tullantı poliqonu dünyanın ən böyük zibilxanalarından biri hesab olunur. Burada birdəfəlik istifadə olunan plastik tullantılar geniş yer tutur.
Keniya plastik çirklənməsinə qarşı hüquqi cəhətdən məcburi beynəlxalq sazişin qəbulunu dəstəkləyir.
Ölkədə 2017-ci ildən plastik torbalara qarşı sərt qanunlar tətbiq olunur. Qaydaları pozan şəxsləri həbs və ya yüksək məbləğdə cərimələr gözləyə bilər.
Tullantıların idarə olunması ilə bağlı yeni qanunvericilikdə isə əsas məsuliyyət istehlakçılardan istehsalçılara keçirilib.
Keniyanın “Bio Foods” süd məhsulları şirkəti yeni tələblərə uyğun olaraq ağ rəngli PET süd qablarını şəffaf qablarla əvəz edib. Bu dəyişiklik təkrar emal müəssisələri tərəfindən müsbət qarşılanıb.
Bildirilir ki, qanunvericilikdəki yeniliklər ölkə əhalisinin plastik tullantılara münasibətinin dəyişməsinə və ekoloji maarifləndirmənin artmasına təsir göstərir.
04:00 06.11.2026
Oxunuş sayı: 85