Kral ailəsində 156 ildən sonra ilk: Şahzadə Endryu məhkəməyə çağırıldı
Böyük Britaniya Kralı III Çarlzın kiçik qardaşı, keçmiş şahzadə Endryu dələduzluqla bağlı mülki iş üzrə şahid qismində London Yüksək Məhkəməsinə çağırılıb.
Crossmedia.az xəbər verir ki, "NBC News" bu barədə məlumat yayıb. Bu, son 156 ildə kral ailəsinin üzvü ilə bağlı baş verən ilk belə haldır.
Endryu Mauntbatten-Vindzora çağırış vərəqəsi hakim Adam Consonun onun ifadə verməsinə icazə verməsindən sonra təqdim edilib. İş türkiyəli milyonçu Nəbahət Evyap İşbilenin keçmiş maliyyə məsləhətçisi Səlman Türkə qarşı iddiası ilə bağlıdır.
İşbilen Türkün onun var-dövlətindən on milyonlarla funt sterlinq mənimsədiyini iddia edir. Mübahisəli epizodlardan biri kimi Endryunun 2019-cu ildə aldığı və 2021-ci ildə geri qaytardığı 750 min funt sterlinqlik ödəniş göstərilir. Eks-şahzadə prosesin tərəfi deyil və ona qarşı heç bir ittiham irəli sürülmür.
Endryunun məhkəməyə çağırılmasını məhz Türk tələb edib. O iddia edir ki, bu ödəniş keçmiş şahzadənin əlaqələrinin Türkiyədə cəza çəkən həyat yoldaşına kömək edəcəyinə ümid edən İşbilenin könüllü addımı olub.
22:19 05.11.2026
Oxunuş sayı: 67