Rusiya Azərbaycan üçün nə qədər etibarlı tərəfdaşdır?
Baş Nazirin müavini Şahin Mustafayevin “Azərbaycan Rusiyanın etibarlı iqtisadi tərəfdaşıdır” fikri fonunda iki ölkə arasındakı iqtisadi münasibətlər yenidən müzakirə mövzusuna çevrilib.
Azərbaycan ilə Rusiya arasında formalaşmış ticarət və iqtisadi əlaqələr uzun illərə söykənsə də, bu münasibətlərin nə dərəcədə sabit və qarşılıqlı etimada əsaslandığı aktuallığını qoruyur.
Mövcud reallıqlar fonunda əsas sual belədir: Azərbaycan və Rusiya həqiqətən etibarlı iqtisadi tərəfdaşdırmı və bu gün bu əməkdaşlığı necə qiymətləndirmək olar?
Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli Crossmedia.az-a açıqlama verib:

"Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Bizi Rusiya ilə dərin tarixi əlaqələr birləşdirir. Həmçinin Rusiya bizim yaxın qonşumuzdur və xüsusilə, neft sektorunun inkişafında, eləcə də ixrac imkanlarımızda əhəmiyyətli yerə malikdir.
Kənd təsərrüfatı məhsullarımız əsasən Rusiyaya ixrac olunur, tikinti və inşaat materialları isə Azərbaycana idxal edilir. Eyni zamanda, Rusiyada yaşayan çoxsaylı soydaşlarımız da mövcuddur".
Ekspert əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında zaman-zaman siyasi problemlər yaşanıb və bu, iqtisadi münasibətlərə də təsirsiz ötüşməyib:
"Bəzi hallarda Rusiya tərəfindən ölkəmizdən idxal olunan məhsullara məhdudiyyətlər tətbiq olunub. Lakin buna baxmayaraq, Rusiyanı etibarlı iqtisadi tərəfdaş kimi qiymətləndirmək olar. İqtisadi əlaqələrdə baş verən fasilələri nəzərə almasaq, hər iki ölkə arasında uzunmüddətli və davamlı iqtisadi münasibətlər daim mövcud olmuşdur".
Ayhan
11:00 21.04.2026
Oxunuş sayı: 53