Təhsildə süni intellekt tətbiqi - şəffaflıq və obyektivlik artacaqmı?
Azərbaycanda təhsil sahəsində rəqəmsallaşma və innovativ yanaşmaların tətbiqi getdikcə genişlənir.
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026/2027-ci tədris ili üçün sənəd qəbulu zamanı süni intellekt alətlərindən istifadənin nəzərdə tutulması bu istiqamətdə atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.
Bu təşəbbüsün seçim prosesində şəffaflığı artıracağı, insan faktorundan qaynaqlanan səhvləri minimuma endirəcəyi və namizədlərin daha obyektiv şəkildə qiymətləndirilməsinə şərait yaradacağı gözlənilir.
Bəs bu layihə praktik baxımdan nə dərəcədə uğurlu olacaq və ümumiyyətlə belə bir yanaşmanın tətbiqi nə qədər zəruridir?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov Crossmedia.az-a açıqlama verib:

"Sənəd qəbulunda süni intellektdən istifadə mütərəqqi bir addımdır. Son illərdə süni intellektin tətbiqi ilə bağlı kifayət qədər mühüm addımlar atılmış, yaxın illərdə həyata keçiriləcək tədbirləri əhatə edən strateji plan da qəbul olunmuşdur.
Bu çərçivədə seçim proseslərində, o cümlədən dövlət qulluğuna qəbul və tender prosedurlarında süni intellektdən istifadə nəzərdə tutulur.
Bundan əlavə, təhsil sahəsində də müraciətlərin süni intellekt vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Xüsusilə, xaricdə təhsillə bağlı sənədlərin təhlili zamanı ixtisasların və universitetlərin reytinq cədvəllərində tutduğu mövqeni daha dəqiq müəyyənləşdirmək mümkün olur.
İnsan faktorunun təsir göstərə biləcəyi hallarda isə süni intellekt daha obyektiv və dəqiq proqnozlar təqdim edir. Bu yanaşma, xüsusilə xaricdə təhsil almaq istəyən gənclər üçün daha şəffaf, sürətli və effektiv seçim imkanları yaradaraq onların xeyrinə xidmət edəcəkdir".
Ayhan
13:50 16.04.2026
Oxunuş sayı: 58