İran-Amerika müharibəsi regional disbalans yarada biləcək hadisə idi - AÇIQLAMA
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında əldə olunmuş atəşkəsi alqışlayır və bu prosesdə vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir. Atəşkəsin regionda gərginliyin azaldılmasına, davamlı sülh və sabitliyin təmin olunmasına töhfə verəcəyinə ümid ifadə edilir.
Tərəflər mövcud məsələlərin həlli və qarşılıqlı etimadın yaradılması istiqamətində məhsuldar dialoqa çağırılır, Azərbaycan isə regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlığın möhkəmləndirilməsi təşəbbüslərini dəstəkləməyə hazır olduğunu vurğulayır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"40 gün davam edən müharibədən sonra İran və Amerika Birləşmiş Ştatları arasında atəşkəs razılaşmasının əldə olunması mühüm bir xəbərdir. Əvvəlcə proqnozlaşdırırdıq ki, müharibə daha dağıdıcı mərhələyə keçə bilər və eskalasiya artacaq. Lakin atəşkəsin birdən elan olunması, şübhəsiz ki, yaxşı xəbərdir.
İlk növbədə vurğulamaq lazımdır ki, İran bizim qonşu və dost ölkəmizdir. Onun təhlükəsizliyi regional kontekstdə bütün ölkələrin təhlükəsizliyi üçün önəmlidir, çünki müharibə hər an digər dövlətlərə müxtəlif təhdidlər yarada bilər. Hazırda bu təhlükələr aradan qaldırılıb.
İkincisi, Azərbaycan müharibənin mahiyyətini yaxşı bilən bir ölkə kimi sülhün də dəyərini anlayır. Biz heç vaxt müharibəyə meyl göstərmədik və bu atəşkəsin əldə olunması Azərbaycanın gözləntiləri sırasındadır. Müharibə müddətində Azərbaycan həmçinin qonşu ölkəyə humanitar yardım göndərdi və atəşkəsin əldə olunmasını alqışlayır.
İran-Amerika müharibəsi regional disbalans yarada biləcək hadisə idi və iqtisadi və siyasi münasibətləri təhlükə altına alırdı. Atəşkəs isə bütün bu fəsadlara son qoydu. Ümid edək ki, bu qısa müddətli atəşkəs gələcəkdə uzunmüddətli sülhə çevriləcək.
Azərbaycan üçün əsas məqsəd sülhün təmin olunması və regionda sabitliyin qorunmasıdır".
Elmir Heydərli
13:53 08.04.2026
Oxunuş sayı: 167