Donald Trampın tələbi eskalasiyanı pik həddə çatdırır
ABŞ Prezidenti Donald Trampın İranla atəşkəs üçün Hörmüz boğazının təhlükəsizliyini əsas şərt kimi irəli sürməsi regionda hərbi əməliyyatların coğrafiyasının genişlənməsi ehtimalını pik həddə çatdırıb.
Artıq bir neçə gündür ki, dəniz piyadalarının iştirakı ilə adalarda həyata keçirilən lokal quru əməliyyatları münaqişənin sadəcə raket zərbələri ilə məhdudlaşmadığını göstərir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında hərbi ekspert Heydər Mirzə bildirib ki, hazırkı mərhələdə əsas müzakirə obyekti siyasi qərarlardır və vəziyyət artıq iki istiqamətə doğru gedir:
"Hal-hazırda biz Donald Trampın bəyanatlarını müzakirə edirik. İran tərəfi isə ümumiyyətlə danışıqların getmədiyini deyir. Yəni real diplomatik prosesdən çox informasiya mübadiləsi xarakterli vəziyyət var".

Ekspertin sözlərinə görə, Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı şərt hərbi əməliyyatların genişlənməsinə birbaşa təsir göstərə bilər:
"Bu tələb bir mənalı şəkildə hərbi əməliyyatların genişlənməsinə səbəb ola bilər. Burada söhbət təkcə dəniz əməliyyatlarından yox, həm də quru əməliyyatlarının genişlənməsindən gedir".
Hörmüz boğazı ətrafında mümkün hərbi aktivliyə toxunan ekspert qeyd edib ki, artıq bəzi lokal əməliyyatlar müşahidə olunur:
"Son günlər dəniz piyadalarının iştirakı ilə müəyyən əməliyyatlar həyata keçirilir. Bu, formal olaraq dəniz əməliyyatı kimi görünsə də, mahiyyətcə quru əməliyyatlarına yaxın addımlardır".
H.Mirzə əlavə edib ki, hazırkı vəziyyət ya eskalasiyanın dayandırılması, ya da genişlənməsi istiqamətində inkişaf edə bilər:
"Ya hərbi əməliyyatlar dayanmalı və danışıqlara keçilməlidir, ya da genişlənərək yeni mərhələyə keçməlidir. Artıq orta variant demək olar ki, qalmayıb".
Onun sözlərinə görə, hazırkı dinamika taktiki səviyyədən daha çox lokal hədəflərə yönəlib:
"Son günlər daha çox kiçik, taktiki hədəflərin məhv edildiyini görürük. Bu isə onu göstərir ki, vəziyyət ya genişmiqyaslı əməliyyata doğru gedir, ya da siyasi qərarla dayanacaq".
Ekspert vurğulayıb ki, Donald Trump tərəfindən irəli sürülən şərtlər hərbi əməliyyatların genişlənməsi riskini artırsa da, yekun qərar siyasi səviyyədə veriləcək və nəticə tamamilə bu qərardan asılı olacaq.
Nigar Yahyazadə
12:35 03.04.2026
Oxunuş sayı: 81