İranın hərbi gücü mifdir, yoxsa reallıq?
ABŞ rəsmisi Marko Rubionun İrana qarşı hərbi əməliyyatların plan üzrə uğurla irəlilədiyi və hədəflərin yerinə yetirildiyi barədə bəyanatı, cəbhədəki mövcud durumla bağlı ciddi suallar doğurur.
Vaşinqton və Təl-Əvivin "missiyanın sonu yaxındır" ritorikasına rəğmən, Tehranın hələ də Hörmüz və Bab-əl-Məndəb boğazları kimi strateji keçidləri təhdid altında saxlaması əməliyyatların effektivliyini kölgədə qoyur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında hərbi ekspert Səxavət Məmməd bildirib ki, bu bəyanatlar real nəticələrlə üst-üstə düşmür:
"Ümumiyyətlə, ABŞ tərəfindən dəfələrlə belə açıqlamalar verilib. Donald Tramp da əməliyyatların uğurla getdiyini deyib. Amma ortada real nəticə yoxdur. Çünki İran tərəfi hələ də aktiv müqavimət göstərir və regionda təsir imkanlarını saxlayır.

İran Hörmüz boğazı kimi strateji nöqtələrdə təzyiq yaradır, Körfəz ölkələrinə müxtəlif istiqamətlərdən təsir imkanlarını saxlayır. Həmçinin Yaxın Şərqdə bir sıra hərbi və siyasi gərginlik ocaqları üzərində dolayısı təsirini qoruyur".
Hörmüz boğazı ilə bağlı vəziyyətə toxunan ekspert qeyd edib ki, bölgədə risklər hələ də yüksək olaraq qalır və tam nəzarət iddiaları reallığı əks etdirmir.
İranın hərbi infrastrukturunun tam sıradan çıxarılmadığını vurğulayan ekspert bildirib ki, İranın dron istehsalı davam edir:
"Həm ölkə daxilində, həm də xarici istehsal zəncirləri vasitəsilə bu imkanlar qorunur. Eyni zamanda, raket potensialı da ciddi şəkildə mövcuddur və istehsalda fasilə yaranmayıb".
S.Məmməd əlavə edib ki, İranın hərbi potensialı yalnız mərkəzləşmiş sistemə bağlı deyil:
"Komandanların öldürülməsi və zərbələrə baxmayaraq, İran ordusu vahid bir mərkəzə bağlı deyil. Müxtəlif strukturlar paralel şəkildə fəaliyyət göstərir və müəyyən dərəcədə müstəqil əməliyyat aparmaq imkanına malikdir".
Onun sözlərinə görə, İranın coğrafi və hərbi struktur üstünlükləri də nəzərə alınmalıdır:
"Ölkənin geniş ərazisi və bir çox hərbi obyektlərin yeraltı infrastrukturlarda yerləşməsi onların tam sıradan çıxarılmasını çətinləşdirir".
Marko Rubio tərəfindən səsləndirilən "əhəmiyyətli dərəcədə məhv edilmə" iddiasının obyektiv qiymətləndirmə sayılmamalı olduğunu qeyd edən ekspert vurğulayıb ki, hazırkı vəziyyətdə İranın hərbi potensialının ciddi şəkildə zəiflədiyini demək mümkündür, amma onun məhv edildiyini söyləmək real yanaşma deyil.
Nigar Yahyazadə
11:40 03.04.2026
Oxunuş sayı: 89