Yaxın Şərqdə münaqişə böyüyə bilər - İranın mesajı kimədir?
Yaxın Şərqdə artan gərginlik fonunda İran rəhbərliyi beynəlxalq ictimaiyyətə xəbərdarlıq mesajı verib.
Məsud Pezeşkian bildirib ki, ABŞ və İsrailin İranla apardığı müharibəyə istənilən formada kənar müdaxilə daha geniş və təhlükəli nəticələrə gətirib çıxara bilər.
Bu fikirlər Avropa İttifaqı Şurası prezidenti Antonio Koşta ilə telefon danışığı zamanı səsləndirilib.
İran prezidenti eyni zamanda, Avropa İttifaqını mövcud vəziyyətə münasibətdə passiv mövqe tutmaqda tənqid edərək, Avropa ölkələrini beynəlxalq hüquqa əsaslanan daha balanslı və obyektiv siyasət yürütməyə çağırıb.
Məsələ ilə bağlı siyasi şərhçi Oqtay Qasımov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Ümumilikdə, İran prezidentinin bu bəyanatının daha çox Körfəz ölkələrinə yönəldiyini söyləmək mümkündür. Belə ki, müəyyən iddialara əsasən, bəzi Körfəz dövlətlərinin Amerika Birləşmiş Ştatlarının bu münaqişədə sonadək iştirak etməsini arzuladıqları bildirilir.

Halbuki, nəzərə almaq lazımdır ki, müharibə dövründə həmin ölkələr də İran tərəfindən ciddi zərərə məruz qalmışdır.
Digər tərəfdən, Donald Trampın bu ölkələrə Hörmüz boğazının açılması prosesində iştirak etmələri ilə bağlı çağırışları da diqqət çəkir və bu amil region dövlətlərinin mövqeyinə təsirsiz ötüşmür.
Litvaya gəldikdə isə, indiyədək bu məsələdə hər hansı aydın və birmənalı mövqe müşahidə olunmamışdır. Bu baxımdan, ümumi kontekstdə belə qənaətə gəlmək olar ki, sözügedən bəyanat daha çox region ölkələrinə, xüsusilə də Körfəz dövlətlərinə ünvanlanmışdır".
Elmir Heydərli
12:19 02.04.2026
Oxunuş sayı: 56