22 Mart – Dünya Su Günü: həyatın əsas mənbəyinə diqqət
Hər il martın 22-də dünyada Dünya Su Günü qeyd olunur. Bu tarix BMT tərəfindən 1993-cü ildən etibarən rəsmi şəkildə təsis edilib və əsas məqsəd insanları şirin suyun əhəmiyyəti barədə məlumatlandırmaq, su ehtiyatlarının qorunmasına çağırmaqdır.Dünyada milyonlarla insan hələ də təmiz suya çıxış imkanından məhrumdur. Su qıtlığı, çirklənmə, sanitariya problemləri və iqlim dəyişikliyi kimi məsələlər hər il bu günün diqqət mərkəzində olur.
Məhz buna görə hər il fərqli mövzu seçilir. Məsələn, son illərdə “Su və iqlim dəyişikliyi”, “Dəyişiklikləri sürətləndirmək”, “Su ilə sülhə töhfə vermək” kimi mövzular ön plana çıxarılıb. 2026-cı il üçün isə əsas mövzu “Su və gender” olaraq müəyyən edilib. Dünya Su Günü çərçivəsində müxtəlif ölkələrdə tədbirlər keçirilir – seminarlar, sosial kampaniyalar, maarifləndirici layihələr və hətta incəsənət proqramları təşkil olunur. Bu tədbirlər insanların suya münasibətini dəyişmək və daha məsuliyyətli davranış formalaşdırmaq məqsədi daşıyır.
Belə ki, su yalnız həyat üçün deyil, həm də qida və enerji təhlükəsizliyi üçün vacib resursdur. Dünya səthinin böyük hissəsi su ilə örtülsə də, onun cəmi kiçik bir hissəsi içməli su kimi istifadə oluna bilir. Üstəlik, iqlim dəyişiklikləri və əhalinin artması bu resursun daha da məhdudlaşmasına səbəb olur. Xüsusilə kənd təsərrüfatında suyun rolu əvəzsizdir. “Su yoxdursa, kənd təsərrüfatı yoxdur, kənd təsərrüfatı yoxdursa, qida yoxdur” prinsipi bu sahənin nə qədər həssas olduğunu göstərir. Bu baxımdan suyun qənaətlə istifadəsi artıq seçim deyil, zərurətə çevrilib. Gündəlik həyatda isə sadə addımlarla suya qənaət etmək mümkündür. Məsələn, yağış sularının toplanaraq texniki məqsədlər üçün istifadəsi, bağların səhər və ya axşam saatlarında suvarılması, damcı üsulu ilə suvarma kimi yanaşmalar həm su itkisini azaldır, həm də resursların daha səmərəli idarə olunmasına kömək edir.BMT-nin çağırışına görə, suyun qorunması təkcə ekoloji məsələ deyil, həm də insan hüquqları ilə bağlıdır. Hər bir insanın təmiz suya çıxış haqqı var və bu istiqamətdə qlobal səylərin artırılması vacibdir.
Dünya Su Günü bir daha xatırladır ki, su sadəcə təbii resurs deyil – o, həyatın özü, gələcəyin təminatıdır. Suyu qorumaq isə yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də atılan ən vacib addımlardan biridir.
Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, dünya su ehtiyatlarının qorunması bu gün qlobal miqyasda ən vacib məsələlərdən biridir. Belə ki, bu məsələ yalnız təbii resurs deyil, həm də insan sağlamlığının, ərzaq təhlükəsizliyinin və iqtisadi inkişafın əsasını təşkil edir:

" Bu gün dünya əhalisinin keyfiyyətli ərzaqla təmin olunması üçün məhz keyfiyyətli su ehtiyatlarına ehtiyac vardır. Su mənbələri təkcə su mənbəyi deyil, təkcə bizə resurs verən bir mənbə deyil. Su mənbələrində həm də çoxsaylı canlılar yaşayır, ekosistemlər mövcuddur və bu ekosistemlər müxtəlif ekosistem xidmətləri çərçivəsində daha geniş əhəmiyyətə malikdir. İqlim dəyişiklikləri, əhalinin getdikcə artması və su ehtiyatlarının qeyri-səmərəli istifadəsi dünyanın bir çox regionlarında su çatışmazlığını daha da dərinləşdirir və ərzaq istehsalını çətinləşdirir.
Bu isə öz növbəsində insanların ənənəvi gəlir mənbələrindən məhrum olmasına və miqrasiyaya səbəb olur. Azərbaycan da bu problemlərdən kənarda deyil. Ölkəmizdə istehsal olunan ərzağın 90%-dən çoxu suvarma əkinçiliyindən gəlir. Ona görə də məhz bizdə ərzaq istehsalı üçün su mənbələrinin qorunması, onların keyfiyyətli şəkildə saxlanılmasının təmin olunması çox zəruridir.
Suya qənaət vərdişləri formalaşdırılmalıdır. Müasir suvarma texnologiyalarının tətbiqi, su itkilərinin azaldılması və mümkün olan yerlərdə azsulu iqtisadiyyata keçidin təmin olunması çox vacib məsələlərdir. Biz, vətəndaş olaraq, gündəlik həyatımızda suya məsuliyyətli yanaşmalı, sudan istifadəyə məsuliyyətlə yanaşmalı və başa düşməliyik ki, evlərimizə gələn suyun bizə çatdırılmasının arxasında yüzlərlə, bəlkə də minlərlə insanın əməyi var".
R.Abbasovun sözlərinə görə, kanallar, su şəbəkələri, su anbarları, suyun götürülməsi və saxlanılaraq istehlakçılara çatdırılması prosesi getdikcə çətinləşir:
"Dünya Su Günü bizə xatırladır ki, su resursları sonsuz deyil və biz su mənbələrini qorumalıyıq.
Həm dövlət, həm də cəmiyyət səviyyəsində məsuliyyət daşımalıyıq. Məhz su mənbələrinin qorunması, onların ekosistem dəyərlərinin saxlanılması və su obyektlərində yaşayan canlıların həyatının qorunması gələcək nəsillər üçün dayanıqlı su təminatının əsasını təşkil edir".
Fatimə Məmmədova
10:58 22.03.2026
Oxunuş sayı: 935