Xəbərdarlıq: Yaxın biriniz zəng edib təcili pul istəyirsə...
Müasir rəqəmsal texnologiyaların sürətli inkişafı cəmiyyət həyatına böyük imkanlar qazandırmaqla yanaşı, yeni təhlükə və risklər də formalaşdırır. Xüsusilə süni intellekt texnologiyalarının geniş tətbiqi bəzi hallarda cinayətkar qruplar tərəfindən sui-istifadə edilərək yeni dələduzluq üsullarının yaranmasına səbəb olur. Son dövrlərdə Azərbaycanda da bu kimi halların artması müşahidə olunur.
Hüquq-mühafizə orqanlarının məlumatlarına görə, ən geniş yayılmış üsullardan biri süni intellekt vasitəsilə insanların səsinin təqlid edilməsi və bu yolla vətəndaşların aldadılmasıdır. Bundan əlavə, elektron poçt ünvanlarının saxtalaşdırılması kimi metodlardan istifadə edilərək həm fiziki şəxslər, həm də şirkətlər maliyyə itkilərinə məruz qala bilirlər. Bu hallar rəqəmsal təhlükəsizlik məsələlərinin aktuallığını daha da artırır və cəmiyyətin bu sahədə maarifləndirilməsinin vacibliyini göstərir.

Məsələ ilə bağlı İKT üzrə mütəxəssis Elvin Abbasov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Daxili İşlər Nazirliyinin (DİN) xəbərdarlığı tamamilə doğrudur və müasir kibercinayətkarlıq aləmində bu üsul "Deepfake Audio" və ya "Vishing" (Voice Phishing) adlanır. Bu texnologiyanın təhlükəsi ondadır ki, cinayətkarlar cəmi bir neçə saniyəlik səs nümunəsi ilə insanın səs tonunu, vurğularını və emosional çalarlarını tam təqlid edə bilirlər. Beynəlxalq şirkətlərlə qurulan sıx ünsiyyət və əməkdaşlıq rəqəmsal təhlükəsizlik alətlərinin inkişafına kömək etsə də, bu növ dələduzluq birbaşa insanın etibarından və psixoloji vəziyyətindən sui-istifadə edir.
Bu proses süni intellektin neyron şəbəkələri vasitəsilə həyata keçirilir; dələduzlar sosial şəbəkələrdən və ya videolarınızdan götürülmüş səs yazısını xüsusi proqramlara daxil edərək onu istənilən mətni oxumağa məcbur edirlər. Qarşısını almaq üçün ən effektiv üsul "Ailə parolu" və ya gizli kod müəyyən etməkdir. Əgər yaxın biriniz zəng edib təcili pul istəyirsə, səsi nə qədər real olsa da, həmin parolu soruşmaq və ya zəngi sonlandırıb şəxsə özünüz təkrar zəng etmək lazımdır. Vətəndaş məsuliyyəti və rəqəmsal şübhəçilik bu hallarda texniki proqramlardan daha güclü müdafiə vasitəsidir".
Elmir Heydərli
17:53 13.03.2026
Oxunuş sayı: 61