Ramazan ayında oruc kimlərə vacib deyil? – İlahiyyatçı açıqladı
Ramazan ayı İslam aləmində xüsusi mənəvi dəyərə malik müqəddəs aylardan biridir. Bu ayda sübh vaxtından gün batana qədər yemək və içməkdən uzaq qalmaqla yerinə yetirilən oruc ibadəti müsəlmanlara vacib buyurulub. Oruc yalnız fiziki ibadət deyil, eyni zamanda insanın mənəvi tərbiyəsi, səbir və iradəsinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İslam dini insanın imkanlarını və fiziki vəziyyətini nəzərə alır. Sağlam, həddi-buluğa çatmış və səfərdə olmayan müsəlmanlara oruc vacib hesab olunur. Lakin bəzi kateqoriyadan olan insanlar üçün bu ibadət məcburi deyil.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli vurğulayıb ki, Ramazan ayında orucu tuta bilməyən və tutması vacib olmayan insanlar mövcuddur.

Onun sözlərinə görə, yaşlanmış, artıq fiziki qüvvəsini itirmiş və sağlamlıq baxımından çətinlik yaşayan nənə və babalar oruc tutmaya bilərlər:
“Eyni zamanda hamilə qadınlar və süd verən analar da oruc tutmaya bilərlər. Bundan başqa, xəstələnmiş şəxslər və səfərə çıxmış, yəni səfərdə olan insanlar da bu qəbildəndir”.
İlahiyyatçı qeyd edib ki, oruc tutmaq həddi-buluğa çatmamış uşaqlara vacib deyil:
“Bu uşaqlardan oruc tutmaq tələb olunmur. Amma istəsələr, özləri müəyyən saatlarda oruc tuta, tədricən bu ibadətə alışa bilərlər. Bu, onların oruc əxlaqı və ədəbi ilə yaxından tanış olmalarına kömək edir”.
Ağa Hacıbəylinin sözlərinə görə, həddi-buluğ dövrü fərdi xüsusiyyətlərdən asılı olaraq dəyişə bilər:
“Bu dövr 12, 13 yaşda ola bilər. Elə uşaqlar var ki, 14–15 yaşlarında bu mərhələni keçir. Həddi-buluğ dövrünü keçdikdən sonra isə artıq həm oruc, həm də namaz ibadəti həmin şəxslərə vacib olur”.
Mehriban Yariyeva
09:43 03.03.2026
Oxunuş sayı: 631