Texnologiya

"Google"ın yeni hava proqnozu inqilabı: "GenCast"

"Google" şirkətinin yeni "GenCast" modeli hava proqnozları sahəsində inqilab etməyə hazırdır. Xüsusilə son illərdə iqlim dəyişikliklərinin təsiri ilə hava proqnozları hər zamankindən daha önəmli olub. "Google"ın süni intellekt şöbəsi "DeepMind" isə bu sahədəki yenilikçi yanaşması ilə diqqət mərkəzindədir. Yeni inkişaf etdirilən "GenCast" modeli təkcə daha dəqiq proqnozlar təqdim etmir, həm də bunu daha sürətli və az xərc ilə həyata keçirir.

"GenCast" süni intellekt texnologiyasını istifadə edərək hava proqnozu sahəsində tamamilə yeni bir yanaşma təklif edir. Ənənəvi modellər atmosferin fiziki dinamikalarını həll edən riyazi tənliklərdən istifadə etdiyi halda, "GenCast" keçmiş hava məlumatlarını analiz edərək, tamamilə maşın öyrənməsi əsaslı bir yanaşma ilə işləyir.

"DeepMind" tədqiqatçılarından İlən Prays bu barədə belə deyir:

“GenCast, məlum fizika qanunları ilə məhdudlaşmaq əvəzinə, məlumatlardan öyrənərək daha mürəkkəb əlaqələri və dinamikaları aşkar edə bilir.”

Bu yeni model yalnız bir proqnoz təqdim etmir, həm də 50 və daha çox fərqli ssenari təqdim edərək ehtimallara əsaslanan bir hava proqnozu sistemi qurur. Bu xüsusiyyət ekstremal hava hadisələrini proqnozlaşdırmaqda böyük üstünlük yaradır.

"DeepMind"ın "Nature" jurnalında yayımlanan araşdırmasına görə, "GenCast" Avropanın qabaqcıl hava proqnozu sistemi olan "ECMWF"-nin ENS modelini bir çox aspektdə üstələməyi bacarıb. Məsələn, "GenCast" 15 günlük hava proqnozu prosesində hədəflərin 97,2%-də daha yüksək dəqiqlik nisbəti əldə edib.

Xüsusilə tropik fırtınaların trayektoriyasını proqnozlaşdırmaqda mühüm uğur göstərib. Üstəlik, bu proqnozları cəmi bir neçə dəqiqə ərzində və minimal avadanlıqla yerinə yetirir. Bir "GenCast" proqnozu "Google"ın "Cloud TPU v5" çiplərində yalnız 8 dəqiqədə tamamlanır.

Niyə bu texnologiya vacibdir?
Hava proqnozlarının dəqiq olması yalnız fərdlərə deyil, eyni zamanda cəmiyyətlərə və iqtisadiyyata böyük fayda təmin edir. Beynəlxalq Ticarət Palatasının hesabatına görə, son 10 ildə iqlimlə əlaqəli hava hadisələrinin qlobal iqtisadiyyata təsiri 2 trilyon dolları keçib.

"Google"ın süni intellekt yönümlü bu yeniliyi hava proqnozları, enerji planlaması və digər sahələrdə ciddi dəyişikliklərə səbəb ola bilər. 

Sevinc Abuşova

05:52 06.12.2024

Oxunuş sayı: 8257

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR