İran üçün işıq gələn, yoxsa it hürən tərəf?!
ABŞ və İran arasında diplomatik səviyyədə gedən münaqişə nəticəsində İrana bir neçə iqtisadi sanksiya tətbiq olunub. İqtisadi cəhətdən onsuz da ürəkaçan səviyyədə olmayan İrana tətbiq edilən sanksiyalar vəziyyəti daha da ağırlaşdırıb.
Mart ayının əvvəllərində İran və ABŞ arasında görüş planlaşdırılır ki, bu görüşdə İran müəyyən öhdəliklər yerinə yetirə bilər. Belə ki, İranın yüksəkvəzifəli rəsmisi müsahibəsində, Tehran yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini ixrac etməyi, onun səviyyəsini aşağı salmağı və regional uran zənginləşdirmə konsorsiumu yaratmağı ciddi şəkildə nəzərdən keçirə bilər.

Mövcud vəziyyət barədə politoloq Əhəd Məmmədli Crossmedia.az-a açıqlama verib: "Keçmiş prezident Barak Obama dövründə ABŞ ilə İran arasında oxşar razılaşma mövcud idi. Daha sonra Donald Tramp ilk prezidentliyi zamanı həmin razılaşmanı ləğv etdi. İndi isə Trampın ikinci prezidentliyi dövründə faktiki olaraq Obama administrasiyasının atdığı addımlara bənzər şəkildə İranla yenidən razılaşmaya gəlmək cəhdləri müşahidə olunur və tərəflər arasında müəyyən razılığın əldə oluna biləcəyi ehtimalı səsləndirilir. Əgər belə bir razılaşma reallaşarsa, ABŞ ən azı sanksiyaların bir hissəsini aradan qaldırmalı olacaq. Trampın biznesmen təfəkkürünü nəzərə alsaq, İran nefti məsələsinin də bu prosesdə mühüm rol oynaya biləcəyini demək olar. Başqa sözlə, İran tərəfi neftinin müəyyən hissəsinin ABŞ və ya Qərb bazarları vasitəsilə satılmasına imkan verə bilər və bunun müqabilində sanksiyaların yumşaldılması və ya ləğvi istiqamətində razılıq əldə oluna bilər. Belə bir ssenari baş verərsə, İranda iqtisadi və sosial vəziyyətin müəyyən qədər yaxşılaşacağı gözlənilir. İran valyutasının sabitləşməsi və iqtisadi aktivliyin artması ehtimalı yüksələr. ABŞ isə yeni bir neft mənbəyinin bazara çıxarılmasında rol əldə etmiş olacaq. Bu mənada Venesueladan sonra İranın da qlobal enerji bazarında daha aktiv iştirakının ABŞ üçün əlavə iqtisadi imkanlar yaradacağı düşünülə bilər”.
Politoloq qeyd edib ki, İranın nüvə proqramı ilə bağlı müəyyən məhdudiyyətləri qəbul etməsi ehtimalı müzakirə olunur: “Nüvə silahına sahib olmaq istəyi hər bir dövlət üçün güc və müstəqillik simvolu kimi qiymətləndirilir. Belə bir potensialdan geri çəkilmək isə strateji baxımdan müəyyən üstünlüklərin itirilməsi kimi dəyərləndirilə bilər. Bununla yanaşı, iqtisadi və sosial rifahın yaxşılaşması perspektivi İran üçün mühüm motivasiya amili ola bilər. Bu proses həm də İran cəmiyyətinin seçimləri ilə bağlıdır. Son illərdə sosial-iqtisadi problemlər fonunda etirazların artması hakimiyyəti müəyyən dərəcədə ehtiyatlı davranmağa vadar edib. İran dövləti ideoloji xarakter daşısa da, mövcud şəraitdə iqtisadi maraqların ideoloji prioritetlər üzərində üstünlük qazana biləcəyi ehtimalı gündəmə gəlir. Bu baxımdan məsələyə ideoloji prizmadan yanaşdıqda İranın müəyyən mənada uduzduğu, lakin real siyasət və sosial rifah prizmasından baxdıqda müəyyən üstünlüklər qazandığı qənaəti formalaşa bilər. Başqa sözlə, belə bir razılaşma İran əhalisinin həyat səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Dünyada Sinqapur, Tayvan, Niderland, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt kimi ölkələrdə yüksək həyat standartlarının mövcudluğu göstərir ki, iqtisadi rifah və sosial sabitlik bir çox hallarda dövlətlərin prioritetinə çevrilir. Lakin bu ölkələrin tam müstəqil siyasət yürütməsi məsələsi bəzən müzakirə mövzusu olur. İranın da analoji istiqamətdə hərəkət etməsi halında ABŞ-dan müəyyən asılılıq elementlərinin yaranması ehtimalı istisna edilmir. Əgər Tehran nüvə silahı əldə etmək perspektivindən geri çəkilərsə və nüvə proqramı üzərində beynəlxalq nəzarəti qəbul edərsə, bu addım güclü və tam müstəqil hərəkət etmək perspektivindən müəyyən imtina kimi dəyərləndirilə bilər. Nüvə silahına malik olmaq Şimali Koreya, Çin və Rusiya kimi dövlətlərin strateji çəkisini artıran amillərdən biri kimi göstərilir. Bu mənada nüvə silahı dövlətin əlində strateji çəkindirici vasitə rolunu oynayır. İranın belə bir potensialdan imtina etməsi isə onu daha çox diplomatik razılaşmalar və kompromislər üzərindən siyasət yürütməyə vadar edə bilər. Əgər ABŞ bu nəticəyə nail olarsa, bu, Tramp administrasiyasının mühüm uğuru kimi qiymətləndirilə bilər. İran isə sosial-iqtisadi vəziyyətin yaxşılaşması və sanksiyaların yumşaldılması baxımından müəyyən qazanclar əldə etmiş olacaq. Nəticə etibarilə, mümkün razılaşma hər iki tərəf üçün həm üstünlüklər, həm də məhdudiyyətlər yaradan kompleks siyasi kompromis kimi qiymətləndirilə bilər”.
Ayhan
16:04 23.02.2026
Oxunuş sayı: 620