ABŞ-İran münasibətləri nə zamana qədər gərgin olaraq qalacaq? - Açıqlandı
ABŞ Prezidenti Donald Tramp İranla sülh sazişi əldə olunmadan Tehrana məxsus dondurulmuş aktivlərin açılmayacağını və sanksiyaların ləğv edilməyəcəyini bildirib. O, qeyd edib ki, İranla bağlı mümkün güzəştlər yalnız razılaşmadan sonra nəzərdən keçirilə bilər.
ABŞ və İran arasındakı münaisbətlərin hazırkı səviyyəsi "qaçdı- tutdu" oyununu xatırladır. Tərəflər gah qaçır, gah gizlənirlər...Üstəlik, həm Vaşinqtondan, həm də Tehrandan bir çox hallarda bir - birini təkzib edən bəyanatlar verilir. Hər iki ölkə bəzən konstruktiv mövqe ortaya qoyur, bəzən də diktə edən tərəfə çevrilməyə çalışırlar.

Bu barədə Crossmedia.az-a danışan politoloq Fikrət Sadıqov bildirib ki, Donald Tramp dəfələrlə ABŞ ilə İran arasında sazişin imzalanmasının əsas meyar olduğunu vurğulayıb.
Onun sözlərinə görə, nəzərdə tutulan saziş bir sıra mühüm məsələləri əhatə edir: “Buraya Hörmüz boğazında təhlükəsizliyin təmin olunması, İranın nüvə proqramının dayandırılması, zənginləşdirilmiş uranın ölkədən çıxarılması və Tehranın Yaxın Şərqdəki proksi qüvvələrinə dəstəyinin dayandırılması daxildir. Hesab edirəm ki, saziş imzalandıqdan sonra bu məsələlərin həlli istiqamətində addımlar atılacaq. Eyni zamanda İranın dondurulmuş aktivləri və sanksiyalarla bağlı problemlər də öz həllini tapa bilər”.
Politoloq qeyd edib ki, İrana qarşı uzun illərdir ABŞ tərəfindən müxtəlif sanksiyalar tətbiq olunur və bu məsələlərin həlli üçün tərəflər arasında razılıq əldə edilməlidir.
F.Sadıqovun fikrincə, hazırda tərəflər arasında atəşkəs rejimi olsa da, münasibətlər hələ də gərgin olaraq qalır: “Onlar bir-birini ittiham etməkdə davam edirlər və faktiki olaraq münaqişə vəziyyətindədirlər. ABŞ və İsrail İrana zərbələr endirir, İran isə həm İsrailə raket hücumları həyata keçirib, həm də Yaxın Şərqdə yerləşən ABŞ bazalarını hədəfə alıb. Razılaşma əldə olunmayana qədər bu problemlər qalacaq”.
Politoloq hesab edir ki, ABŞ–İran münasibətlərinin gələcək perspektivi tərəflərin qarşılıqlı kompromisə hazır olmasından asılıdır.
Zeynəb Həsən
10:16 10.06.2026
Oxunuş sayı: 53