Görünməyən cəbhə: Yaxın Şərqdə münaqişə səssiz davam edir
Yaxın Şərqdə İsrail, İran və Livandakı "Hizbullah" arasında gərginlik regionun əsas təhlükəsizlik problemlərindən biri olaraq qalır. Son dövrdə nisbi sakitlik müşahidə olunsa da, İsrailin Baş naziri Benyamin Netanyahunun İran və Hizbullaha qarşı mübarizənin davam etdiyini bildirməsi yeni eskalasiya ehtimalları ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Regionda formalaşan hazırkı vəziyyət tam sabitlik demək deyil və tərəflər arasında mövcud ziddiyyətlər hələ də qalmaqdadır. Eyni zamanda, bölgədə güc balansı həssas olaraq qalır və istənilən siyasi və ya hərbi addım vəziyyəti yenidən gərginləşdirə bilər.

Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu Crossmedia.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən İran və “Hizbullah”a qarşı sərt xəttin davam etdirilməsi qısamüddətli perspektivdə İsrailin təhlükəsizlik maraqlarına xidmət edən siyasət kimi təqdim olunsa da, regionun ümumi sabitliyi baxımından vəziyyət daha mürəkkəbdir: "Hazırkı mərhələdə Yaxın Şərqdə tammiqyaslı müharibə ehtimalı əvvəlki aylarla müqayisədə azalsa da, gərginliyin yenidən alovlanması riski hələ də yüksək olaraq qalır. Netanyahunun son bəyanatları göstərir ki, İsrail rəhbərliyi İranın regional təsir imkanlarını və Hizbullahın hərbi potensialını uzunmüddətli strateji təhdid kimi görməyə davam edir. Bununla yanaşı, İsrail daxilində hakimiyyət uğrunda siyasi mübarizə və təhlükəsizlik gündəminin daxili siyasətdə mühüm rol oynaması da sərt ritorikanın davam etməsinə təsir edən amillərdəndir”.
Ekspertin fikrincə, son günlər ABŞ administrasiyasının İsraili daha ehtiyatlı davranmağa çağırması göstərir ki, hətta ən yaxın müttəfiqlər belə yeni regional eskalasiyanın qarşısını almağa çalışırlar: " “Hizbullah”ın son razılaşmaların bir hissəsini qəbul etməməsi və İranın təşkilata siyasi-mənəvi dəstəyini davam etdirməsi qarşıdurma potensialını qoruyur. ABŞ vasitəçiliyi ilə əldə olunan müxtəlif atəşkəs təşəbbüslərinə baxmayaraq, tərəflər arasında əsas ziddiyyətlər aradan qalxmayıb. İran hesab edir ki, Livan məsələsi ümumi regional təhlükəsizlik arxitekturasından ayrı həll edilə bilməz, İsrail isə Hizbullahın hərbi imkanlarının məhdudlaşdırılmasını əsas prioritet kimi saxlayır. Maraqlı məqamlardan birinin Livanda “Hizbullah”ın silahlı fəaliyyətinə qarşı dövlət səviyyəsində daha sərt yanaşmanın formalaşır. Bu tendensiya təşkilatın manevr imkanlarını müəyyən qədər məhdudlaşdıra bilər. Bununla belə, Hizbullah hələ də regionun ən güclü qeyri-dövlət silahlı aktorlarından biri olaraq qalır və onun tam neytrallaşdırılması yaxın perspektivdə real görünmür”.
Nigar Xəlilli
19:00 09.06.2026
Oxunuş sayı: 68