Ermənistan qaz qiymətləri ilə bağlı yayılan məlumatları yalanladı
Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan ölkədə qaz qiymətlərinin artacağı ilə bağlı yayılan məlumatları təkzib edib.
Crossmedia.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, nazir bildirib ki, hazırda İrəvanda qaz tariflərinin dəyişməsi ilə bağlı heç bir risk və ya rəsmi məlumat yoxdur. Onun sözlərinə görə, Ermənistan tərəfi “Gazprom”la əməkdaşlığı davam etdirir və mövcud müqavilələr çərçivəsində tariflər sabit qalır.
Xudatyan qeyd edib ki, qaz tədarükü əvvəlcədən müəyyən edilmiş qrafik üzrə həyata keçirilir və hazırkı şərtlərə əsasən qiymətlərdə dəyişiklik gözlənilmir. O, həmçinin media orqanlarının vəziyyəti gərgin kimi təqdim etdiyini, lakin real vəziyyətin fərqli olduğunu vurğulayıb.
Nazir əlavə edib ki, Ermənistanın qaz təminatı üzrə mövcud müqavilələr 2026-cı ilin sonu və 2027-ci ilin əvvəlində başa çatır.
Daha əvvəl Rusiya tərəfi Ermənistanın Avropa İttifaqı ilə inteqrasiya prosesini davam etdirməsi halında enerji sahəsində mövcud müqavilələrə yenidən baxıla biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.
18:16 11.06.2026
Oxunuş sayı: 49