Repetitorluq dövrü bitir?
Azərbaycanda orta təhsilin keyfiyyəti və ali məktəblərə qəbul sistemi ilə bağlı uzun illərdir davam edən əsas müzakirələrdən biri şagirdlərin repetitor hazırlığından asılılığı məsələsidir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təqdim etdiyi yeni təmayül tədris modeli isə bu yanaşmanı dəyişməyi hədəfləyir. Məqsəd ondan ibarətdir ki, şagirdlər əlavə hazırlıq kurslarına ehtiyac duymadan, məktəbdə gücləndirilmiş tədris vasitəsilə ali təhsil üçün zəruri bilik və bacarıqlara yiyələnsinlər.
Yeni model çərçivəsində 10 və 11-ci sinif şagirdlərinin qəbul prosesində iştirak imkanının yaradılması, ödənişsiz və sistemli hazırlıq, aylıq sınaq imtahanları, ixtisaslı müəllim heyəti və şagirdlərin sosial–yaradıcılıq bacarıqlarının inkişafına yönəlmiş fəaliyyətlər nəzərdə tutulur.
Bəs bu layihə praktikada özünü doğrulda biləcəkmi? Təhsil sahəsində bu gün belə bir modelin tətbiqi nə dərəcədə vacibdir və o, repetitor asılılığını azaltmağa real təsir göstərə bilərmi?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-a açıqlama verib: “Hər halda bu gün bir məsələ birmənalıdır ki, təhsilimizin qarşısında duran ən böyük çağırışlardan biri elektron alətlərdən və rəqəmsal mühitdən düzgün istifadə məsələsidir. Bunun qarşısının alınması və prosesin daha sağlam istiqamətdə idarə olunması üçün müxtəlif tədbirlər həyata keçirilir. Eyni zamanda, elm və təhsil sahəsində yeni yanaşmalar və təşəbbüslər tətbiq olunmağa başlanılıb. Xeyirli olsun, uğurlu olsun. Bu addımların müəyyən müsbət nəticələr verəcəyinə şübhə yoxdur. Amma düşünmürəm ki, təkcə bu tədbirlərlə məsələnin təhsil sisteminə təsiri ciddi şəkildə aradan qalxacaq. Məncə, burada əlavə meyarlar, əlavə yanaşmalar və yeni istiqamətlər üzərində də düşünmək lazımdır. Bu addımlar müəyyən mənada prosesə öz töhfəsini verə bilər, amma ümumi nəticə əldə etmək üçün yetərli olmaya bilər”.
Deputat əlavə edib ki, bu prosesin daha effektiv olması üçün kompleks yanaşmaya ehtiyac var: “Hər halda bu da problemin həlli istiqamətində nazirlik tərəfindən atılmış addımlardan biri hesab oluna bilər. Amma düşünürəm ki, əlavə maarifləndirici tədbirlərin görülməsinə, müxtəlif yeni addımların atılmasına ehtiyac var ki, biz bu prosesi daha düzgün və səmərəli şəkildə tənzimləyə bilək”.

Təhsil eksperti Elçin Süleymanovun sözlərinə görə isə bir çox liseylərdə, təmayüllü məktəblərdə, eyni zamanda Azərbaycanda Türkiyə tərəfindən açılmış təhsil müəssisələrində görürük ki, şagirdlər məktəbdəki tədris prosesi nəticəsində əlavə hazırlığa getmədən də yüksək nəticələr əldə edə bilirlər: "Burada şagird eyni şagirddir. Sadəcə ona təqdim olunan tədris modeli və sistem Dövlət İmtahan Mərkəzinin tətbiq etdiyi imtahan sisteminə uyğun qurulduğu üçün əlavə repetitor hazırlığına ehtiyac yaranmır. Ümumiyyətlə, mən bu addımı müsbət qiymətləndirirəm. Bu, eyni zamanda məktəbin öz rolunun yenidən güclənməsinə müəyyən mənada katalizator ola bilər. Çünki valideynlər arasında uzun illərdir belə bir fikir formalaşıb ki, orta məktəbdə verilən təhsil ali məktəbə qəbul üçün yetərli deyil”.
Ekspert əlavə edib ki, burada təmayülləşmə, ixtisaslara uyğun siniflər qruplaşdırıla və müəyyən istiqamətli hazırlıq təşkil oluna bilər: “Amma bu, sırf Dövlət İmtahan Mərkəzinin imtahanına hazırlıq formasında deyil, ümumi təhsil modelinin gücləndirilməsi şəklində həyata keçirilməlidir. Çünki təhsil sadəcə imtahana hazırlıq xidməti deyil. Burada yalnız bilik verilmir, eyni zamanda vətəndaş yetişdirilir, cəmiyyətə faydalı fərdlər formalaşdırılır. Düşünürəm ki, növbəti mərhələdə şagirdin 11 illik təhsil prosesi ərzində məktəbdə qazandığı bilik və bacarıqlar müəyyən mənada ümumiləşdirilərək qiymətləndirilməlidir. Məsələn, 9-cu sinif buraxılış imtahanı nəticələri müəyyən faizlə qəbul prosesində nəzərə alına bilər, eyni zamanda 10-cu və 11-ci sinif göstəriciləri də bu sistemə daxil edilə bilər. Belə bir yanaşma bir çox ölkələrdə tətbiq olunur. Məsələn, ABŞ və Kanadada bir sıra universitetlər qəbul zamanı yalnız imtahan nəticəsinə deyil, şagirdin orta təhsil dövründəki göstəricilərinə, məktəb üzrə və ümumi reytinqdə tutduğu mövqeyə də diqqət yetirirlər. Düşünürəm ki, buna bənzər bir sistem tətbiq olunarsa, əlavə repetitor hazırlığına olan ehtiyac da ciddi şəkildə azalacaq”.
Ayhan
17:52 11.06.2026
Oxunuş sayı: 64