Ermənistan Azərbaycan və Türkiyənin enerji əməkdaşlığı sisteminin ayrılmaz hissəsinə çevrilir
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın Ermənistanın Azərbaycan-Türkiyə enerji əməkdaşlığına qoşulma ehtimalı ilə bağlı səsləndirdiyi fikir Cənubi Qafqazda regional inteqrasiya perspektivləri və post-münaqişə dövrünün iqtisadi imkanları fonunda diqqət çəkir. Enerji layihələrinin regionda həm iqtisadi inkişafı sürətləndirən, həm də siyasi münasibətlərin normallaşmasına töhfə verən əsas alətlərdən biri olduğu nəzərə alınarsa, belə bir ssenari Ermənistan üçün yeni əməkdaşlıq platformaları və kommunikasiya imkanları vəd edə bilər.
Bununla yanaşı, əsas suallar açıq qalır: Ermənistanın bu əməkdaşlıq formatına qoşulması nə dərəcədə realdır, proses hansı müddətdə reallaşa bilər və bunun üçün hansı siyasi, hüquqi və təhlükəsizlik şərtlərinin yerinə yetirilməsi zəruridir. Bu məqamlar həm regional enerji təhlükəsizliyi, həm də Azərbaycan-Türkiyə-Ermənistan münasibətlərinin gələcək dinamikasını müəyyən edən əsas faktorlar kimi qiymətləndirilir.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlama verib: "Cənubi Qafqazda hər üç dövlətin — Azərbaycan, Gürcüstan və Ermənistanın — iqtisadi, ticarət və hətta geosiyasi maraqları böyük ölçüdə üst-üstə düşür. Lakin problem ondan ibarətdir ki, Rusiyaya yaxın mövqedə dayanan və müxalifət düşərgəsində təmsil olunan bəzi erməni siyasi qüvvələri Ermənistanın Azərbaycanla normal münasibətlər qurmasına aqressiv reaksiya verirlər. Onların əsas məqsədi Azərbaycan və Ermənistan arasında düşmənçilik mühitinin davam etməsi və bu qarşıdurmadan öz siyasi maraqları naminə faydalanmaqdır.
Bununla belə, zaman dəyişir və yeni geosiyasi reallıqlar öz diktəsini edir. Ermənistanda Nikol Paşinyan hakimiyyəti artıq anlayır ki, həm Azərbaycanla, həm də Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistanın inkişaf perspektivlərinin açılması üçün əsas açar faktordur. Bu səbəbdən Paşinyan hakimiyyəti Azərbaycan və Türkiyə ilə münasibətlərin formalaşdırılması istiqamətində müəyyən addımlar atmağa başlayıb. Eyni zamanda, Azərbaycan da bu prosesə pozitiv reaksiya göstərir. Belə ki, Ermənistan qismən blokada vəziyyətindən çıxmağa başlayıb və Azərbaycan üzərindən yük daşımaları həyata keçirilir. Bundan əlavə, Azərbaycan Ermənistana enerji resursları və neft məhsulları ixrac edir. Bu əməkdaşlığın əhəmiyyəti artıq Ermənistan tərəfindən də dərk olunur və onun müsbət nəticələri hiss edilməyə başlanıb".
Onun sözlərinə görə, belə bir şəraitdə Ermənistanın Azərbaycan və Türkiyə arasındakı enerji əməkdaşlığına qoşulması İrəvan üçün mühüm əhəmiyyət kəsb edir: "Çünki enerji faktoru hazırda həm dövlətlərin inkişafında, həm də qlobal proseslərin istiqamətinin müəyyənləşdirilməsində həlledici rol oynayan əsas amillərdən biridir. Bir müddət əvvəl Paşinyan hakimiyyətinin nümayəndələri Ermənistanın Azərbaycan və Türkiyənin enerji sisteminə inteqrasiya perspektivi barədə açıqlamalar vermişdilər ki, bu da rəsmi İrəvanın əməkdaşlıq prioritetlərini daha dəqiq müəyyən etdiyini göstərir".

Politoloq əlavə edib ki, Paşinyan hakimiyyəti, Ermənistan daxilində fəaliyyət göstərən radikal revanşist qüvvələrin müqavimətinə baxmayaraq, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması və iqtisadi-ticari əlaqələrin qurulması istiqamətində qətiyyət nümayiş etdirməyə çalışır: "Bununla belə, prosesin real nəticələr verməsi üçün rəsmi İrəvanın daha prinsipial və ardıcıl addımlar atması zəruridir. Bu kontekstdə Azərbaycan və Ermənistan, eləcə də Türkiyə və Ermənistan münasibətlərinin tam pozitiv məcraya keçməsi üçün Bakı ilə İrəvan arasında yekun sülh sazişinin imzalanması mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, yekun sülh sazişinin imzalanması üçün Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaları ləğv etməlidir. Bu məqsədlə yeni konstitusiyanın referendum yolu ilə qəbul edilməsi və ərazi iddialarından imtina edilməsi əsas şərt kimi göstərilir. Bu addımlar atıldıqdan sonra Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına ciddi maneə qalmayacağı hesab olunur. Bunun reallaşması baxımından Paşinyan hakimiyyətinin növbəti parlament seçkilərində qalib gəlməsi də mühüm faktor kimi qiymətləndirilir. Əgər revanşist mövqedə dayanan radikal qüvvələr hakimiyyətə gələrsə, regionda gərginliyin yenidən artması ehtimalı mövcuddur. Bu səbəbdən zaman baxımından prosesin mərhələli şəkildə inkişaf edəcəyi gözlənilir: əvvəlcə Paşinyan hakimiyyətinin parlament seçkilərində qələbəsi, daha sonra referendum vasitəsilə Ermənistan konstitusiyasının dəyişdirilməsi və Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması, ardınca isə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması. Bütün bu mərhələlər reallaşdıqdan sonra Ermənistanın Azərbaycan və Türkiyənin enerji əməkdaşlığı sisteminin ayrılmaz hissəsinə çevrilməsi mümkün ola bilər".
Ayhan
10:40 23.02.2026
Oxunuş sayı: 672