Avropanın Ermənistanda keçirilən seçkilərdə müşahidə olunan pozuntulara niyə göz yumduğu məlum oldu
Ermənistanda keçirilən parlament seçkiləri regionda diqqətlə izlənilən siyasi proseslərdən biri olsa da, beynəlxalq təşkilatların və xüsusilə Avropa demokratik institutlarının reaksiyası bu dəfə daha ehtiyatlı və məhdud xarakter daşıyır. Seçki prosesi ilə bağlı müxtəlif iddialar və müzakirələr gündəmə gəlsə də, rəsmi qiymətləndirmələrin tonunda əvvəlki illərlə müqayisədə fərqli yanaşma hiss olunur.
Bu vəziyyət isə ictimai rəy və siyasi analizlərdə müəyyən suallar yaradır: seçkilərə münasibətdə beynəlxalq institutların reaksiyası hansı meyarlara əsaslanır? Mövqelərdəki fərqliliklər siyasi kontekst, regional maraqlar və ya diplomatik balansla izah oluna bilərmi? Ümumilikdə isə seçki proseslərinə verilən beynəlxalq reaksiyaların ardıcıllığı və obyektivliyi yenidən müzakirə mövzusuna çevrilir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Rəhimzadə Crossmedia.az-a açıqlama verib: “Ermənistanda iyunun 7-də keçirilən parlament seçkiləri zamanı müşahidə missiyaları və yerli ictimai təşkilatlar tərəfindən seçki prosesində müxtəlif qanun pozuntuları halları ilə bağlı ciddi sualların olduğu barədə məlumatlar yayılıb. Seçki kampaniyası dövründən başlayaraq səsvermə gününə qədər müşahidə olunan bəzi məqamlar ictimai rəyə təsir edən amillər kimi qiymətləndirilmişdi. Buna baxmayaraq, Avropa institutları, beynəlxalq təşkilatlar bu pozuntulara münasibətdə prinsipial mövqe nümayiş etdirmirlər. Halbuki beynəlxalq təcrübədə seçki proseslərində oxşar pozuntular müşahidə edildikdə həmin qurumlar kəskin qiymətləndirmələr verir, seçkilərin legitimliyi və nəticələrin etibarlılığı ilə bağlı daha qəti hesabatlar təqdim edirlər”.
Deputat əlavə edib ki, bu fərqli yanaşma haqlı olaraq ictimai və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub: “Avropanın siyasi institutları tərəfindən Ermənistanla bağlı seçki prosesinə münasibətdə nümayiş etdirilən susqunluq, digər ölkələrdə baş verən eyni xarakterli hadisələrə göstərilən reaksiyalarla müqayisədə ziddiyyət təşkil edir. Bu isə bəzi beynəlxalq qurumların, Avropa siyasi institutlarının məsələyə ikili standartlarla yanaşmasının təsdiqidir. Bu vəziyyət bir daha təsdiqləyir ki, qlobal siyasi maraqlar və geosiyasi amillər ön plandadır. Həmin qurumlar üçün demokratik dəyərlər və seçki standartları universal prinsip deyil. Əksinə, onlar demokratik dəyərlərə və seçki standartlarına siyasi maraqlar kontekstində yanaşırlar. Halbuki Avropanın dünyaya təqdim etməyə çalışdığı əsas tezis insan hüquq və azadlıqlarının, demokratik dəyərlərin müdafiəsidir. Ermənistanda keçirilən seçkilərdə baş verən pozuntulara münasibətdə bunun əksini müşahidə etdik. Hüquq pozuntularına qarşı nümayiş etdirilən münasibət də bunun təsdiqidir. Ermənistanda keçirilən parlament seçkiləri zamanı müşahidə edilən qanun pozuntularına Avropa təşkilatları tərəfindən heç bir narazılığın, etirazın bildirilməməsi, prosesə öz maraqları kontekstində yanaşmaları onların ikili siyasət həyata keçirdiklərini açıq şəkildə ortaya qoyur. Azərbaycana qarşı münasibətdə dəfələrlə ədalətsiz, ikili standartlara əsaslanan yanaşmanın şahidi olmuşuq. Avropanın siyasi institutlarının demokratik dəyərlərə, seçkilərə yanaşması vahid və universal xarakter daşımır. Bu yanaşma daha çox selektiv mahiyyət daşıyır və konkret siyasi kontekstlərdən asılı olaraq fərqli şəkildə tətbiq olunur. Ona görə də Ermənistanda keçirilən parlament seçkiləri zamanı müşahidə olunan qanun pozuntularına göz yumurlar”.
Ayhan
10:10 10.06.2026
Oxunuş sayı: 65