Yeni dövrdə Paşinyandan gözləntilər nələrdir?
Ermənistanda keçirilən parlament seçkiləri regionun diqqətlə izlənilən siyasi hadisələrindən biri olub. Seçkilərin nəticələrinə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası qələbə qazanaraq hakimiyyətdə qalmağı bacarıb.
Paşinyanın növbəti dəfə seçki qələbəsi əldə etməsi ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Seçki kampaniyası dövründə Azərbaycanla sülh prosesi, Türkiyə ilə münasibətlərin normallaşdırılması və Ermənistanın xarici siyasət kursu əsas müzakirə mövzuları olub. Nəticələr göstərir ki, Paşinyan seçicilərin əhəmiyyətli hissəsinin dəstəyini qoruyub saxlaya bilib. Bununla belə, yeni siyasi dövrdə hökumətin qarşısında həm daxili, həm də xarici siyasətlə bağlı mühüm vəzifələr dayanır.
Seçkilərin yekunları Ermənistanın yaxın illərdəki siyasi istiqamətinin müəyyənləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Paşinyanın əldə etdiyi qələbə isə onun ölkənin idarəçiliyində aparıcı siyasi fiqur olaraq qaldığını bir daha təsdiqləyib.

Crossmedia.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov hesab edir ki, Ermənistanda seçki prosesi kifayət qədər ağır və mürəkkəb şəraitdə keçib. Onun sözlərinə görə, seçkilər zamanı xarici müdaxilə cəhdləri də müşahidə olunub:
“Seçki zamanı kənardan ciddi müdaxilələrin olduğunu müşahidə etdik. Seçkinin nəticələrini təhlil edərkən bu məqamları mütləq diqqətdə saxlamalıyıq. Paşinyanın qələbə qazanması böyük nəticədir. Bu, eyni zamanda erməni xalqının sülhə səs verdiyinin göstəricisidir. Bu gün erməni xalqı sülhü istəyir və dəstəkləyir”.
C.Məmmədov bildirib ki, səslərin azalması müəyyən narahatlıq yarada bilər:
“Lakin Azərbaycan ümid edir ki, bu seçkilərdən sonra Ermənistan real addımlar ataraq sülh müqaviləsinə yaxınlaşacaq. Paşinyan da çalışacaq ki, bu fürsətdən istifadə etsin və sülh müqaviləsinin imzalanmasına nail olsun”.

Politoloq Oktay Qasımov isə vurğulayıb ki, Nikol Paşinyan seçkilərdə qələbə qazansa da, əvvəlki seçkilərlə müqayisədə mövqeləri zəifləyib.
Onun sözlərinə görə, 2021-ci il seçkiləri ilə müqayisədə Paşinyan ümumi səslərin təxminən 4 faizini itirib:
“Bunun nəticəsində parlamentdəki mandatlarının sayı 71-dən 61-ə düşüb. Bu da onun imkanlarının və siyasi nüfuzunun müəyyən qədər zəiflədiyini göstərir. Nəticələr Paşinyana təkbaşına hökumət qurmaq imkanı versə də, parlamentdə revanşist qüvvələrin də mövqeləri güclənib. Bu isə onun fəaliyyətinə kifayət qədər ciddi əngəl yarada bilər”.
O.Qasımov qeyd edib ki, Azərbaycanla sülh müqaviləsinə gedən yol Ermənistan Konstitusiyasında dəyişikliklə bağlı referendumun keçirilməsindən keçir:
“Lakin belə bir referendumun yaxın aylarda baş tutacağı real görünmür. Referendumun keçirilməsi üçün Paşinyan müəyyən vaxt qazanmalıdır. O, ölkədə siyasi vəziyyətin sabitləşməsini gözlədikdən sonra bu addımı ata bilər. Bu səbəbdən prosesin uzanacağı gözlənilir”.
Fatimə Məmmədova
16:27 09.06.2026
Oxunuş sayı: 59