İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri bildirib ki, korpus qüvvələri Hörmüz boğazını suda, havada və su altında fasiləsiz olaraq nəzarət edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Təngsiri qeyd edib ki, “Fars körfəzi adalarından müdafiə gücü və hücum əməliyyatları” illik təlimlərin bir hissəsidir. O, Fars körfəzindəki İran adalarını və Hörmüz boğazını “alınmaz qalalar” adlandırıb və onların müdafiəsinə İİKK Hərbi Dəniz Qüvvələrinin cavabdeh olduğunu vurğulayıb.
Təlimlərin əsas məqsədi dəniz təhlükəsizliyinə təhdidlərə operativ reaksiya verməkdir. Bölmələr şübhəli gəmilərə baxış keçirir və onları saxlayır. Təngsiri boğazdan hər gün 80-dən çox neft tankeri və konteyner gəmisinin keçdiyini qeyd edərək onun strateji əhəmiyyətini diqqətə çatdırıb.