Paşinyan Rusiyanın nəzarətində olan dəmir yolunu başqa ölkəyə verməyə hazırlaşır?
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya qarşı hər hansı addım atmaq niyyətlərinin olmadığını bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Təkrar edirəm ki, Rusiyaya qarşı heç bir şey etmək istəyimiz yoxdur və etməyəcəyik. Lakin Rusiyanın dəmir yollarına nəzarəti səbəbindən strateji mövqelərimizi və rəqabət üstünlüklərimizi itiririk”, – deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, TRIPP marşrutu ilə bağlı yaranan problemlərin aradan qaldırılması üçün Ermənistan dəmir yolunun Rusiya tərəfindən əldə edilmiş güzəşt hüququnun üçüncü bir ölkəyə satılması təklif olunur. Mümkün namizədlər sırasında Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və Qətər göstərilir. Paşinyan qeyd edib ki, bu ölkələr həm Ermənistan, həm də Rusiya ilə isti münasibətlərə malikdir və ilkin variantlar kimi nəzərdən keçirilir.
Baş nazir əlavə edib ki, TRIPP çərçivəsində bəzi tərəflər Naxçıvan ilə Azərbaycan arasında Ermənistanın Meğri bölgəsindən keçəcək dəmir yolu xəttinin inşasını təklif edirlər. Lakin həmin dəmir yolu hazırda Rusiya tərəfindən güzəştli idarəetmə altındadır və bu məsələ bir neçə ölkə ilə münasibətlərdə gərginlik yaradır.
Paşinyanın sözlərinə görə, yaranmış vəziyyət fonunda proses artıq “kristallaşma mərhələsinə” daxil olub.
11:08 14.02.2026
Oxunuş sayı: 563