ABŞ-də immiqrasiya siyasəti ətrafında gərginlik fonunda Daxili Təhlükəsizlik Katibi Kristi Noem yenidən gündəmin əsas mövzularından birinə çevrilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Son həftələrdə immiqrasiya polisi əməliyyatları ilə bağlı bir sıra şəhərlərdə baş verən etirazlar və iğtişaşlar fonunda Noem-in fəaliyyəti kəskin müzakirə olunur. O, xüsusilə sərt miqrasiya tədbirlərinə görə həm dəstəklə, həm də tənqidlə üzləşir.
ABŞ mediasında yayılan iddialara görə, Noem ilə onun müşaviri Kori Levandovski arasında şəxsi münasibətlər mövcuddur. Bildirilir ki, hər iki şəxs ailəlidir və bu iddialar xüsusilə mühafizəkar dairələrdə narazılıq doğurub.
Mətbuatda yer alan digər xəbərlərə əsasən, Noem ölkədaxili səfərlər zamanı istifadə etdiyi şəxsi təyyarədə yorğanını unutduğuna görə təhlükəsizlik əməkdaşını işdən çıxarıb. Lakin işçi çatışmazlığı səbəbindən həmin şəxsin daha sonra yenidən işə götürüldüyü bildirilir.
Noem-in adı, həmçinin baş prokurorla birlikdə son aylarda ən çox hədəfə alınan siyasi fiqurlar sırasında çəkilir. ABŞ-da bəzi siyasi dairələrdə onun impiçment məsələsinin 2026-cı il aralıq seçkilərindən sonra gündəmə gələ biləcəyi ilə bağlı müzakirələr aparılır.
Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik geniş açıqlama verilməyib.