Valideynlərin NƏZƏRİNƏ: Bu oyunlar uşaqları manyaka çevirir
Son vaxtlar Azərbaycanda bəzi populyar internet oyunlarının istifadəsinə qadağa qoyulması xəbərləri gündəmə gəlib. Belə ki, bir sıra oyunlar uşaqların psixologiyasınş həddindən artıq dağıdaraq dəyişir. Valideynlər övladlarını nə qədər bu oyunlardan yayındırmaq istəsələr də artıq olan olmuş vəziyyətdədir.
Mövzu ətrafında Crossmedia.az-a danışan İnformasiya təhlükəsizliyi mütəxəssisi Elvin Abbasov bu platformaların uşaqlar üçün nəzarətsiz bir ünsiyyət mühiti və istismar sahəsi formalaşdırdığını vurğulayıb:
"Virtual aləmdə anonimlik arxasında gizlənən bədniyyətli şəxslər, uşaqların saf hisslərindən və oyun həvəsindən istifadə edərək onlara psixoloji təzyiq göstərir və ya onları müxtəlif zərərli hərəkətlərə manipulyasiya edirlər. Oyun daxili söhbət otaqları valideyn nəzarətindən kənarda qaldıqda, uşaqlar yad insanların emosional istismarına qarşı tamamilə müdafiəsiz vəziyyətə düşürlər. Bu da uşağın psixikasında dərin qorxu, təşviş və özünəqapanma kimi fəsadlara yol açır. İkincisi, oyunların daxili mexanizmləri uşaqlarda süni dopamin asılılığı və aqressiya yaradır. PUBG kimi döyüş oyunlarında təbliğ edilən zorakılıq elementləri uşaqların real həyatda empatiya hissinin zəifləməsinə və hər hansı maneə ilə qarşılaşdıqda dərhal aqressiv reaksiya verməsinə səbəb olur. Həmçinin, oyun daxili mükafatlar və "loot-box" kimi təsadüfi qazanc sistemləri uşağın beynini asan yolla həzz almağa alışdırır. Bu "psixoloji tələ" uşağı dərsdən, ailədən və real sosial mühitdən qopararaq, onu virtual dünyanın daimi və asılı istehlakçısına çevirir".
Fatimə Məmmədova
10:20 14.02.2026
Oxunuş sayı: 617