Plastik qablaşdırma QADAĞAN EDİLDİ
Gürcüstanda plastik qablaşdırmadan istifadəyə qarşı yeni və sərt məhdudiyyətlər tətbiq olunacaq. Ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, 1 fevral 2027-ci ildən etibarən plastik qablaşdırmada olan qida məhsullarının və içkilərin istehsalı, idxalı və satışı qadağan ediləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Business Media məlumat yayıb.
Belə ki, yeni qərar əvvəlki mərhələdə yalnız plastik butulkalarda satılan içkilərə aid olan məhdudiyyətləri genişləndirir. Qadağaya yalnız günəbaxan yağı və 10 litr və daha böyük tutumda olan içməli su qabları istisna təşkil edəcək.
Bundan əvvəl isə ictimai iaşə obyektləri üçün mərhələli keçid dövrü nəzərdə tutulub. Məlumata əsasən, 1 iyul 2026-cı ildən restoran və kafelərdə yeməklərin plastik qablarda təqdim olunmasına icazə verilməyəcək. Nazirlik bu dəyişikliklərlə bağlı içki istehsalçıları və biznes assosiasiyaları daxil olmaqla özəl sektor nümayəndələri ilə məsləhətləşmələr aparıb.
Qeyd edək ki, Gürcüstanda plastiklə bağlı məhdudiyyətlərin ilk mərhələsi artıq qüvvədədir.
Xatırladaq ki, 1 yanvar 2026-cı ildən birdəfəlik plastik çəngəl-bıçaq, boşqab, saman (pipet), eləcə də bəzi polistirol qabların istifadəsi qadağan olunub. Bazarda mövcud olan məhsullar üçün isə 3 aylıq keçid müddəti müəyyən edilib.
Bundan əlavə, 1 aprel 2026-cı ildən etibarən dövlət qurumlarına 3 litrə qədər plastik stəkan, qab və butulkaların satın alınması da qadağan ediləcək.
Fatimə Məmmədova
05:03 14.02.2026
Oxunuş sayı: 357