ABŞ-nin vitse prezidenti bu gün Ermənistana gedir
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu gün Ermənistana iki günlük rəsmi səfərə gələcək. Belə ki, səfər zamanı onu həyat yoldaşı Uşa Vens müşayiət edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, bazar ertəsi axşam Ermənistanın baş naziri Nikol Paşinyan ilə ABŞ-nin vitse-prezidenti arasında görüş keçiriləcək.
Qeyd edək ki, Cey Di Vensin səfəri, o cümlədən Bakıya planlaşdırılan növbəti səfəri ABŞ prezidenti Donald Trampın irəli sürdüyü “Beynəlxalq sülh və rifaha aparan yol” (TRIPP) təşəbbüsü çərçivəsində həyata keçirilir. Təşəbbüs Cənubi Qafqazda iqtisadi və strateji əməkdaşlığın gücləndirilməsi yolu ilə sülh proseslərinin irəlilədilməsini nəzərdə tutur.
Səfər, həmçinin, ABŞ-nin regionda mövcudluğunu genişləndirmək baxımından mühüm addım kimi dəyərləndirilir. Qeyd olunur ki, Tramp daha əvvəl Ermənistanla dinc nüvə enerjisi sahəsində əməkdaşlıq üzrə sazişin imzalanacağını, həmçinin yarımkeçirici istehsalı sahəsində yeni müqavilələrin təşviq ediləcəyini açıqlamışdı.
Bununla yanaşı, Vaşinqtonun Azərbaycanla tərəfdaşlığın möhkəmləndirilməsi və ABŞ istehsalı olan müdafiə avadanlıqlarının tədarükü məsələlərini də gündəmdə saxladığı bildirilir. Yerevanda ümid edirlər ki, vitse-prezidentin səfəri ABŞ–Ermənistan strateji dialoqunun dərinləşməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradacaq.
Fatimə Məmmədova
12:53 09.02.2026
Oxunuş sayı: 448