Çiy meyvə istehlakı bu ölkələrdə dayandırıldı
Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti (Rospotrebnadzor) Nipah virusu halları qeydə alınmış ölkələrə səfər edən şəxslərə çiy və qabığı soyulmamış meyvələrdən istifadə etməməyi tövsiyə edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, qurumun məlumatına görə, yarasalarla təmasda olmuş məhsullar, xüsusilə qabığı soyulmamış meyvələr və təzə sıxılmış şirələr (məsələn, palma şirəsi) infeksiya riski yarada bilər. Bu səbəbdən meyvə və tərəvəzlərin yaxşı yuyulması, çiy və ya pasterizə olunmamış qidaların qəbulundan çəkinilməsi məsləhət görülür.
Rospotrebnadzor həmçinin səfərdən əvvəl gediləcək regionda epidemioloji vəziyyətin öyrənilməsini, yarasalar və onların ifrazatları ilə təmasdan uzaq durmağı, xəstə heyvanlara, o cümlədən donuzlara yaxınlaşmamağı, eləcə də infeksiya ocaqlarında donuz fermaları və canlı heyvan bazarlarını ziyarət etməməyi tövsiyə edib.
Qurum bildirib ki, səfərdən sonra hərarət, öskürək, baş və əzələ ağrıları və ya nevroloji əlamətlər yarandığı halda dərhal həkimə müraciət edilməli və səfər edilən ölkələr barədə məlumat verilməlidir.
Məlumata görə, Nipah virusu yarasalar vasitəsilə yayılan patogendir və heyvanlardan insanlara keçə bilir. Virus ağır ensefalit və tənəffüs yolu infeksiyalarına səbəb ola bilər, bəzi hallarda ölüm göstəricisi 80 faizə qədər çatır. Nipah virusunun yayılması əsasən Cənubi və Cənub-Şərqi Asiya regionlarında müşahidə olunur və xəstəlik ilk dəfə 1998-ci ildə qeydə alınıb.
19:32 08.02.2026
Oxunuş sayı: 380