İrandakı gərginlik əfqan miqrantları geri dönməyə məcbur edir
İran–Əfqanıstan sərhədində yerləşən İslam Qala keçidində İran bayrağı dalğalanır. Onilliklərdir İranda nisbətən təhlükəsiz yaşayan minlərlə afqan miqrant üçün isə bu mənzərə artıq məcburi dönüşün simvoluna çevrilib.
Crossmedia.az bu barədə TRT World-a istinadən xəbər verir. Son aylarda İranda baş verən kütləvi etirazlar və təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi əfqan miqrantların vəziyyətini daha da ağırlaşdırıb. Onların sözlərinə görə, ölkədəki iğtişaşlar fonunda istənilən hadisənin məsuliyyəti əfqanların üzərinə yüklənə bilər.
“İranda həyat çox çətin idi. Nə etsək də, hakimiyyət bizi günahlandırırdı,” – deyə geri qayıdan miqrantlardan biri - Mehrab Safizada bildirir.
Bəzi miqrantlar gecə saatlarında saxlanıldığını, şəxsi əşyalarının isə geridə qaldığını deyir. İran hökumətinin açıqlamasına görə, son bir ay ərzində ölkədə baş verən hadisələr zamanı 3 mindən çox insan, o cümlədən təhlükəsizlik qüvvələrinin əməkdaşları həlak olub. Xarici mənbələr isə ölənlərin sayının daha çox olduğunu iddia edir.
Bu vəziyyət miqrantlar arasında ciddi qorxu yaradıb.
“Çox adam öldürüldü. Düşündük ki, öz ölkəmizə qayıdıb burada ölmək daha yaxşıdır. Niyə başqa ölkədə öldürülək?” – deyə əfqan qaçqınlardan biri olan Məhəmməd Ömər Rəhmani vurğulayır.
Onların sözlərinə görə, etirazlar zamanı insanların tapdalanaraq ölməsi də ciddi narahatlıq yaradıb. Bundan əlavə, Tehran və Vaşinqton arasında artan gərginlik də əfqanların İrandan çıxmaq qərarına təsir edən əsas amillərdəndir.
Qeyd edilir ki, 30–40 ildir İranda yaşayan, ev sahibi olan əfqanlar belə mövcud şəraitə görə ölkəni tərk etməyə məcbur qalıb.
Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatına görə, 2023-cü ilin sonlarından etibarən 5 milyondan çox əfqan İran və Pakistandan geri qayıdıb.
Onsuz da yoxsulluq və resurs çatışmazlığı ilə üz-üzə olan Əfqanıstan üçün bu proses əlavə yük yaradır. Humanitar təşkilatlar yaxın vaxtlarda yeni geri dönüş dalğasına hazırlaşır, ölkənin isə bu qədər insanı qəbul etmək imkanları getdikcə azalır.
Sevinc Yarməmmədova
15:10 08.02.2026
Oxunuş sayı: 449