Türkiyə NATO-nun Reaksiya Qüvvələrində: 66-cı Briqada Almaniyaya çatdı
Türkiyə Silahlı Qüvvələrinə (TSQ) məxsus 66-cı Mexanikləşdirilmiş Piyada Briqadası NATO-nun Reaksiya Qüvvələri (NRF) çərçivəsində Almaniyaya intiqal edib. Briqadanın Almaniya ərazisinə çatması NATO-nun kollektiv müdafiə və sürətli cavab imkanlarının gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verirx Məlumata görə, türk hərbçiləri NATO-nun planlaşdırılmış təlim və əməliyyat hazırlığı prosesində iştirak edəcək. Bu proses çərçivəsində briqada üzvləri digər müttəfiq ölkələrin hərbi bölmələri ilə birgə koordinasiya, qarşılıqlı fəaliyyət və döyüş hazırlığı üzrə fəaliyyət göstərəcək.
Türkiyənin NATO-nun Reaksiya Qüvvələrində aktiv iştirakı Alyans daxilində Ankaranın strateji rolunu bir daha ön plana çıxarır. Rəsmi dairələr bildirir ki, 66-cı Briqadanın Almaniyaya göndərilməsi Türkiyənin NATO qarşısında götürdüyü öhdəliklərə sadiqliyinin göstəricisidir.
Qeyd edək ki, NATO-nun Reaksiya Qüvvələri mümkün böhran və təhlükələrə qısa müddətdə cavab vermək məqsədi daşıyan, yüksək hazırlıqlı çoxmillətli hərbi birliklərdən ibarətdir. Türkiyə bu qüvvələrin formalaşdırılmasında uzun illərdir aktiv rol oynayır və mütəmadi olaraq şəxsi heyət və texnika ilə töhfə verir.
Sevinc Yarməmmədova
11:49 08.02.2026
Oxunuş sayı: 486