Ermənistan XİN-də Azərbaycan ilə sülh müqaviləsi müzakirə olunub
Ermənistan Xarici İşlər Nazirliyində (XİN) baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə iclas keçirilib və 2025-ci ildə görülmüş işlərin yekunlarına dair hesabat təqdim olunub.
Crossmedia.az "Armenpress"ə istinadən xəbər verir ki, iclasda Bakı ilə İrəvan arasında müharibə başa çatdıqdan sonra ölkənin xarici siyasət əlaqələrinin inkişafında uğurlu irəliləyiş qeyd edilib.
"Ermənistan 2025-ci ildə sülhün təmin edilməsi istiqamətində işləməyə davam edib, Azərbaycanla sülhün bərqərar olmasına, möhkəmləndirilməsinə və institusionallaşdırılmasına fəal şəkildə yardım göstərib", - Ermənistan XİN başçısı Ararat Mirzoyanın təqdim etdiyi hesabatda deyilir.
İclasda sülh prosesində qeydə alınmış ən mühüm hadisələr, o cümlədən sülh sazişi mətninin razılaşdırılması və imzalanması, ABŞ, Ermənistan və Azərbaycan arasında Vaşinqton sazişləri, ümumilikdə dövlətlər arasında etimadın möhkəmləndirilməsinə yönəlmiş addımlar və təşəbbüslər müzakirə edilib.
Həmçinin Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi, inkişafı və gözləntilər, eləcə də ABŞ və Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlığın dərinləşdirilməsi müzakirə olunub. Müzakirə zamanı regional hadisələr, Gürcüstan və İranla strateji tərəfdaşlığın inkişafı məsələlərinə də toxunulub.
Paşinyan regionda və dünyada yaranan yeni reallıqlar və imkanları nəzərə alaraq xarici siyasət prioritetlərinin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
20:20 07.02.2026
Oxunuş sayı: 451