Rusiyada faciəvi qətliamının ildönümü: cəzasız qalan ağır cinayət
Bu gün Rusiyanın Çeçenistan Respublikasında yerləşən Novıye Aldı kəndində törədilmiş dəhşətli qətliamın ildönümüdür. Belə ki, 5 fevral 2000-ci il tarixində Rusiya Daxili İşlər Nazirliyinə tabe olan OMON xüsusi təyinatlı dəstələri kəndə daxil olaraq mülki əhaliyə qarşı genişmiqyaslı cəza əməliyyatı həyata keçirib.
Şahid ifadələrinə və hüquq müdafiəçilərinin hesabatlarına görə, silahlı qüvvələr evlərə basqın edib, sakinləri zorla həyətlərə çıxarıb və yerindəcə güllələyiblər. Hadisə zamanı yaşlılar, qadınlar və uşaqlar da daxil olmaqla onlarla mülki şəxs öldürülüb. Yaralılar tibbi yardım göstərilmədən talelərinə buraxılıb, bir çox ev yandırılıb, cəsədlər isə küçələrdə qalıb.
Məlumatlara əsasən, bəzi hallarda hərbçilər insanlardan “canlarını qurtarmaq” üçün pul tələb etsələr də, ödənişlərə baxmayaraq atəş açılıb. Bu faktlar beynəlxalq insan haqları təşkilatları tərəfindən sənədləşdirilib.
Hüquq müdafiəçiləri və müstəqil araşdırmaçılar bildirirlər ki, Novıye Aldıda baş verənlər ayrı-ayrı hərbçilərin özbaşınalığı deyil, dövlət strukturları tərəfindən planlaşdırılmış və idarə olunmuş əməliyyat olub. Buna baxmayaraq, hadisədən keçən illər ərzində cinayəti törədənlər məsuliyyətə cəlb edilməyib, işin üstü ört-basdır edilib.
“Human Rights Watch” və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Rusiya dövlətinin bu hadisəyə görə məsuliyyət daşıdığı qeyd olunsa da, real məhkəmə və cəza mexanizmi tətbiq edilməyib.
Novıye Aldı qətliamı İkinci Çeçen müharibəsi dövründə mülki əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb və bu gün də cəzasızlıq simvolu olaraq xatırlanır.
Hüquq müdafiəçiləri beynəlxalq ictimaiyyəti bu kimi hadisələrin unudulmamasına və ədalətin bərpası üçün təzyiqlərin davam etdirilməsinə çağırırlar.
Fatimə Məmmədova
11:40 06.02.2026
Oxunuş sayı: 462