Liviyada keçmiş lider Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafinin öldürüldüyü bildirilir.
Crossmedia.az bu barədə İRNA-ya istinadən xəbər verir.
Məlumata görə, Seyf əl-İslam yaşadığı evin həyətində baş verən sui-qəsd cəhdi nəticəsində həyatını itirib. Mənbələr hücumun dörd nəfərlik silahlı qrup tərəfindən törədildiyini, atışmadan sonra hücumçuların hadisə yerindən qaçdıqlarını qeyd edir. Bildirilir ki, insidentdən dərhal əvvəl evdə quraşdırılmış bütün müşahidə kameraları söndürülüb.
Xəbərdə vurğulanır ki, vaxtilə atasının mümkün siyasi varisi kimi təqdim edilən Seyf əl-İslam Qəddafi son dövrlər özünü Liviyada Əbdülhəmid Dbeibanın rəhbərlik etdiyi mövcud hökumətə qarşı müqavimət hərəkatının lideri kimi təqdim edirdi.
Xatırladaq ki, Müəmmər Qəddafi 20 oktyabr 2011-ci ildə Birinci Liviya vətəndaş müharibəsindən sonra öldürülüb. O, Sirte şəhəri yaxınlığında üsyançılar tərəfindən əsir götürülərək edam edilmişdi.