Putin iqtisadi artımın bərpasını prioritet elan etdi
Rusiya Prezidenti Vladimir Putin iqtisadi məsələlərə həsr olunmuş müşavirədə ölkə iqtisadiyyatının mövcud vəziyyəti və perspektivləri ilə bağlı bir sıra mühüm açıqlamalar verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Prezident bildirib ki, iqtisadi artım tempinin zəifləməsi gözlənilən və qismən məqsədli olub.
Putinin sözlərinə görə, 2025-ci ildə Rusiya ÜDM-i 1% artıb. İqtisadi artımın yavaşladılması inflyasiyanı nəzarət altına almaq məqsədi daşıyıb və bu addım şüurlu şəkildə atılıb.
Prezident qeyd edib ki, 2025-ci ildə inflyasiya 5,6%-ə düşüb. 2026-cı ilin əvvəlində inflyasiyanın müəyyən qədər sürətlənərək illik ifadədə 6,4% səviyyəsində qeydə alınması gözlənilən proses olub. Putin vurğulayıb ki, hökumət və Mərkəzi Bankın proqnozlarına əsasən, 2026-cı ilin sonuna qədər inflyasiya 5%-ə endirilə bilər.
Dövlət başçısı əlavə edib ki, ƏDV-nin artırılmasının qiymətlərə təsiri qısamüddətli olacaq və uzunmüddətli inflyasiya riskləri yaratmayacaq. Onun sözlərinə görə, iqtisadi vəziyyət qiymətləndirilərkən yalnız ayrı-ayrı göstəricilərə deyil, bütün makroiqtisadi mənzərəyə baxılmalıdır.
Putin Rusiyada iqtisadi artım tempinin yenidən bərpa edilməsinin vacibliyini xüsusi vurğulayıb. Bildirib ki, iqtisadiyyatın struktur dəyişiklikləri üzrə planın icrasının ilk ciddi nəticələri artıq bu il özünü göstərməlidir.
Prezidentin fikrincə, Rusiya iqtisadiyyatı daha səmərəli olmalı, müasir texnologiyalara əsaslanan və yüksək maaşlı yeni iş yerləri yaratmağa yönəlməlidir.
23:16 03.02.2026
Oxunuş sayı: 368