Ermənistan Apostol Kilsəsinin Eçmiədzin kanseliyasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryanın həbs müddəti daha iki ay uzadılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i onun vəkilinə istinadən məlumat yayıb.
Qeyd edək ki, ötən il dekabrın 5-də İrəvan məhkəməsi Arşak Xaçatryan barəsində iki aylıq həbs-qətimkan tədbiri seçmişdi. Bununla da o, erməni kilsəsində həbs edilən dördüncü yüksək iyerarx olub.
İstintaqın versiyasına görə, 2018-ci ildə katolikos II Karekinin istefası tələbi ilə keçirilən etiraz aksiyası zamanı bir fəalın çantasına narkotik maddə yerləşdirilməsi işində arxiyepiskopun adı keçir.
Xatırladaq ki, ötən ilin oktyabrında erməni “WikiLeaks Armenia” Telegram kanalı Arşak Xaçatryanın əmisinin həyat yoldaşı ilə münasibətdə olduğunu iddia edən video da yayımlamışdı. İddialar rəsmi məhkəmə qərarı ilə təsdiqlənməyib.