İranlı müxbirdən sərt tənqid: Niyə heç kim istefa vermir?
İranın “Həmmihən” qəzeti və “Didban Iran” saytının müxbiri Pərisa Haşemi hökumət sözçüsü ilə keçirilən brifinqdə rəsmi Tehranın fəaliyyətini kəskin tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, çıxışı zamanı bildirib ki, oxşar hadisələr başqa ölkələrdə baş versəydi, məsul şəxslər ya istefa verər, ya da ciddi şəkildə cavabdehlik daşıyardılar.
Haşemi etirazların amansız şəkildə yatırılmasına və ölkədə yaranmış kritik vəziyyətə diqqət çəkərək vurğulayıb ki, “xalqın qanına girən hər kəs bu xalqın və bu torpağın düşmənidir”. Onun sözlərinə görə, hökumət yalnız üzr istəməklə və təkrarlanan vədlər verməklə kifayətlənir, lakin heç bir rəsmi şəxs real məsuliyyət daşımır.
Müxbir çıxışında milli valyutanın ABŞ dolları qarşısında sürətlə dəyər itirməsini də xatırladıb və hökumətin bunu “düşmən təsiri” ilə izah etməsini tənqid edib. Haşeminin fikrincə, gənclərə, qadınlara və kişilərə atəş açan şəxslər əslində ölkənin və torpağın düşmənləridir, lakin buna baxmayaraq, məmurlar hələ də konkret addımlar əvəzinə yalnız bəyanatlarla kifayətlənirlər.
Pərisa Haşemi qeyd edib ki, bir çox ölkələrdə belə hallarda məmurlar cəzalandırılır və istefalar qaçılmaz olur, lakin İranda bu cür siyasi məsuliyyət mexanizmləri işə düşmür.
13:36 03.02.2026
Oxunuş sayı: 492