Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Azərbaycanla Ermənistan arasında müharibə mərhələsini faktiki olaraq qapalı hesab etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Simonyan bu fikirləri "Faktor TV"yə müsahibəsində səsləndirib.
O qeyd edib ki, gözlənilməz və ciddi dramatik hadisələr baş vermədiyi təqdirdə, müharibə səhifəsinin yenidən açılması ehtimalı azdır:
“Bəzi dramatik hadisələr baş verməsə, məncə, çətin ki, bu fəsli yenidən açaq. Mən bu fəsli bağlanmış hesab edirəm”.
Parlament sədri vurğulayıb ki, Ermənistan rəhbərliyinin müharibə dövrünün geridə qaldığı və sülh mərhələsinin başlandığı ilə bağlı təklif və ritorikası cəmiyyət tərəfindən qəbul olunub. Onun sözlərinə görə, ictimai rəy artıq münaqişənin davamından deyil, sabitlik və sülh perspektivindən yanaşmanı dəstəkləyir.