İran gərginliyin azaldılması məqsədilə zənginləşdirilmiş uranın bir hissəsini Rusiyaya ötürməyə hazır olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" İslam Respublikasında adı açıqlanmayan iki yüksək vəzifəli rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, bu çərçivədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı İranın ali dini lideri Ayətullah Xameneyinin mesajını Kreml rəhbərliyinə çatdırıb. Mesajda Tehranın 2015-ci il nüvə razılaşmasına bənzər mexanizm çərçivəsində zənginləşdirilmiş uranın Rusiyaya ötürülməsinə hazır olduğu qeyd olunub.
Kreml də yaydığı açıqlamada İranın nüvə materiallarının Rusiyaya ötürülməsi məsələsinin uzun müddətdir danışıqlar masasında olduğunu və tərəflər arasında bu istiqamətdə təmasların davam etdiyini təsdiqləyib.
Bununla yanaşı, rəsmi Tehrandan ziddiyyətli bəyanatlar da səsləndirilib. Əli Laricaninin müavini Əli Baqiri "New York Times"ın hesabatı dərc olunduğu saatlarda İranın zənginləşdirilmiş uran ehtiyatlarının xaricə ötürülməsinin hazırda gündəmdə olmadığını iddia edib. Əli Şəmxani, Xameneyinin müşaviri də oxşar açıqlama verərək məsələ ilə bağlı rəsmi qərarın olmadığını bildirib.
Qeyd olunur ki, bu ziddiyyətli açıqlamalar fonunda İranın nüvə proqramı ətrafında diplomatik proseslərin intensivləşməsi ehtimalı artır.