İran nüvə proqramını donduracaq?
İran regional gərginliyin azaldılması məqsədilə öz nüvə proqramını dayandırmağa və ya müvəqqəti dondurmağa hazır olduğunu bəyan edib. Bununla belə, Tehran ABŞ-nin dəstəklədiyi regional nüvə energetik konsorsiumu planına üstünlük verdiyini də açıq şəkildə ifadə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
İrana yaxın mənbələr bildiriblər ki, Əli Laricani yaxın günlərdə Ayətullah Xameneyinin məktubunu Rusiya Prezidenti Vladimir Putinə çatdırıb. Məktubda Tehran 2015-ci il nüvə razılaşmasında nəzərdə tutulduğu kimi, zənginləşdirilmiş uranı Rusiyaya göndərməyə hazır olduğunu bildirib.
Mənbələrə görə, bu təşəbbüsün əsas məqsədi bölgədə gərginliyi azaltmaq və beynəlxalq səviyyədə İranın nüvə proqramı ilə bağlı yeni diplomatik mexanizm formalaşdırmaqdır. Bununla yanaşı, Tehran açıq şəkildə vurğulayıb ki, ballistik raket proqramı kimi məsələlər danışıqlar mövzusu deyil.
Qeyd olunur ki, İranın bu mövqeyi nüvə məsələsində müəyyən elastiklik nümayiş etdirsə də, təhlükəsizlik və hərbi imkanlarla bağlı “qırmızı xətlərin” dəyişməz qaldığını göstərir.
11:41 03.02.2026
Oxunuş sayı: 474