Ukrayna FİFA-ya sərt mesaj verdi: Rusiya futbola qayıtmamalıdır
Ukrayna Futbol Assosiasiyası (UFA) FİFA prezidentinin Rusiya komandalarının beynəlxalq futbol yarışlarına mümkün qayıdışı ilə bağlı açıqlamalarına cavab verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
UFA rəsmi bəyanatında FİFA-nı və onun prezidentini Ukraynaya qarşı müharibə davam etdiyi müddətdə Rusiyanın futbol turnirlərindən kənarlaşdırılması ilə bağlı mövqeyi dəyişməməyə çağırıb.
Bəyanatda qeyd olunub ki, Rusiyanın yarışlardan kənarlaşdırılmasının təsirsiz olduğu barədə fikirlərlə razılaşmaq mümkün deyil.
Ukrayna hesab edir ki, idman sanksiyaları təcavüzkara beynəlxalq təzyiq göstərməyin effektiv vasitəsidir.
“İstənilən Rusiya milli komandasının potensial reinteqrasiyası yarışların təhlükəsizliyini və bütövlüyünü ciddi şəkildə təhlükə altına qoyur”, – deyə UFA vurğulayıb.
Assosiasiya ,həmçinin bildirib ki, bu mövqe Lozannada yerləşən İdman Arbitraj Məhkəməsinin (İAM) müvafiq qərarlarında da əksini tapıb.
Xatırladaq ki, FİFA prezidenti Canni İnfantino daha əvvəl Rusiya komandalarına tətbiq olunan qadağanın qaldırılmasının müzakirə oluna biləcəyini söyləmiş, bu məhdudiyyətlərin daha çox məyusluq və nifrət yaratdığını iddia etmişdi.
Onun sözlərinə görə, futbol siyasi proseslərdən asılı olmayaraq ölkələr arasında əlaqələri qoruyub saxlamalıdır.
23:07 02.02.2026
Oxunuş sayı: 383