İranın Bəndər Abbas şəhərində baş verən partlayışla bağlı Oman Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanat regional və sosial media müstəvisində geniş müzakirələrə səbəb olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Oman XİN yanvarın 31-də açıqlama yayaraq Bəndər Abbasda baş verən partlayış nəticəsində həlak olanların ailələrinə başsağlığı verib və Omanın İran xalqı ilə həmrəy olduğunu vurğulayıb.
Bu bəyanat İran hakimiyyətinin hadisənin səbəbini şəhərin qaz xəttində baş vermiş sızma kimi təqdim etdiyi vaxta təsadüf edib. Rəsmi Tehran partlayış nəticəsində iki nəfərin həlak olduğunu açıqlasa da, insidentin detalları ilə bağlı geniş və şəffaf məlumat verilməməsi ictimaiyyətdə şübhələri artırıb.
Sosial şəbəkə istifadəçiləri Omanın ABŞ–İran münasibətlərində vasitəçi roluna diqqət çəkərək, bu başsağlığı mesajının siyasi məna daşıya biləcəyini irəli sürürlər. Bir çox istifadəçi yalnız iki nəfərin ölümü ilə nəticələnən hadisə üçün yüksək səviyyəli rəsmi başsağlığının verilməsini qeyri-adi hesab edir.
Müzakirələr fonunda rəsmi Oman və İran tərəfi məsələ ilə bağlı əlavə açıqlama verməyib, hadisə isə regionda artan həssaslıq fonunda diqqətlə izlənilir.