Bad Bunny və Kendrik Lamar “Qremmi”nin əsas qalibləri olublar
ABŞ-da “Qremmi” musiqi mükafatının 68-ci təqdimetmə mərasimi keçirilib. İlin ən yaxşı albomu nominasiyasında Puerto-Rikolu repçi Bad Bunnynin “Debí Tirar Más Fotos” albomu qalib gəlib.
Crossmedia.az xarici mediaya istinadən məlumat verir ki, bu, “Qremmi” tarixində ispan dilində olan albomun ilk dəfə bu mükafata layiq görülməsi kimi qeydə alınıb.
“İlin yazısı” nominasiyasında Kendrik Lamar və SZAnın “Luther” adlı mahnısı qalib elan edilib. “İlin mahnısı” mükafatı isə Billi Aylishin “Wildflower” kompozisiyasına verilib. “Ən yaxşı yeni ifaçı” nominasiyasında Olivia Din birinci olub.
Kendrik Lamar mərasimdə ümumilikdə daha dörd mükafat qazanaraq 26 “Qremmi” heykəlciyi ilə bu mükafatın tarixində ən çox titul qazanan repçi olub və Jay-Zni geridə qoyub. Ledi Qaqa isə iki mükafata layiq görülüb.
Bundan əlavə, məşhur rejissor Stiven Spilberq də ilk dəfə “Qremmi” mükafatı qazanıb. O, “Con Uilyamsın musiqisi” adlı filmin prodüseri kimi mükafatlandırılıb və bununla da ABŞ-nin dörd əsas mükafatının hamısına (EGOT) sahib olan nadir şəxslərdən birinə çevrilib.
Turqut Ansari
12:27 02.02.2026
Oxunuş sayı: 375