Makron “axsayan ördək”dir - "Politico" Fransada siyasi dönəmi belə adlandırdı
Fransa Prezidenti Emmanuel Makron ölkə büdcəsinin yekun təsdiqindən sonra “axsayan ördək” (siyasi təsiri zəifləyən lider) statusu alacaq.
Crossmedia.az məlumat verir ki, bu barədə "Politico" nəşri yazır.
Yanvarın 30-da Fransa Baş naziri Sebastyen Lekornyu 2026-cı il dövlət büdcəsinin parlamentdə səsvermə keçirilmədən qəbul edildiyini elan edib. Müxalifət hökumətə qarşı etimadsızlıq votumu irəli sürməyə cəhd göstərəcək. Lakin KİV-in məlumatına görə, bu təşəbbüs uğur qazanmayacaq və büdcə qəbul edilmiş hesab olunacaq.
Fransız siyasətçilər, o cümlədən Makronun müttəfiqləri nəşrə bildiriblər ki, büdcə ətrafında mübarizə başa çatıb. Siyasi dairələr diqqəti 2027-ci il prezident seçkilərinə yönəldəcək. Makron həmin seçkilərdə iştirak edə bilməyəcəyi üçün bu vəziyyət onun mövqelərini zəiflədəcək və onu “siyasi təsiri azalan lider”ə çevirəcək.
Bununla yanaşı, Makron xarici siyasət və təhlükəsizlik sahəsində geniş prezident səlahiyyətləri sayəsində beynəlxalq arenada əhəmiyyətli rolunu qoruyacaq. Bu xüsusilə qlobal qeyri-sabitlik və Donald Tramp administrasiyasının addımları fonunda aktuallıq kəsb edir.
Nəşr həmçinin qeyd edir ki, Sebastyen Lekornyunun büdcə böhranının həllində əldə etdiyi uğur onun 2027-ci il prezident seçkilərində mümkün namizəd kimi mövqelərini gücləndirir.
Turqut Ansari
11:53 02.02.2026
Oxunuş sayı: 435